ABŞ Konqresi dişini bir az qıcıyıb. Dişsiz Avropa Şurası da qımıldanmağa başlayıb. Azərbaycana qarşı sanksiyaları götür-qoy eləyirlər. Azərbaycan rəsmilərini insan hüquqlarını, söz adzadlığını pozmaqda , repressiyalarda günahlandırıb sanksiyalar tətbiq edə bilərlər. Əllərində sübut da var. Ən maraqlısı odur ki, bu sübutu repressiya olunanların və edənlərin bir çoxu birlikdə hazırlayıblar.
Toplumun müzakirəsinə məsələ çox primitivləşdirilmiş formada çıxarılıb: bir tərəf bunu belə qələmə verir ki, “müəyyən Qərb dairələrini” planı, xarici QHT-lərin maliyyəsi, “Vahid Mərkəz” müəllimin komandası əsasında “dövlətçiliyimizə qarşı” iş görən QHT fəallarının “təxribat əməlləri”, polis dilində desək, “tərəfimizdən aşkarlanaraq” zərərsizləşdirilmişdir”. O biri tərəf belə qələmə verir ki, demokratiya və söz azadlığı uğrunda vuruşanlara qarşı repressiyalar baş alıb gedir.
Mənə görə, repressiyalar başlayana qədər hər iki tərəfdən bu hadisələri süni yetişdirənlər vardı. İndi eyni işlə məşğul olan bir tərəf əzir, o biri əzilir – onlar arasında bərabərlik işarəsi qoymaq düz deyil. Repressiyalara heç nə haqq qazandıra bilməz – bu, birmənalıdır.
Mənim mövzum başqadır. Məsələni bu həddə gətirib çıxaranların hamısı başlarını quma soxublar. Toplum bu məsələləri dərindn müzakirə eləmir. Ortaya yalançı mövzular atılıb. Məsələyə çox da dəxli olmayanlar, qurbanlar, QHT rəhbərləri, araşdırmaçı jurnalistlər təqib olunur, təbii reaksiya olaraq onların həmfikirləri, silahdaşları, mücadilə aparırlar. Bütün bunlar nəticələrdir, ortadakılar – qurbanlar. Səbəbkarlar müəyyən dairələr , mücərrəd vahid mərkəz deyil. Bütün səbəblər içəridədir. Çoxusu ölkənin içərisində, adamların içərisində.
Məsələni bu həddə gətirib çıxaranların – qərarverənlərin hamısı başlarını quma soxublar. Ölkədə, ölkədən qıraqda bu başlarını quma soxanları bir debata çıxara biləcək xəbər mediası yoxdur. Çünki başlarını quma soxanlar həmin media üçün plan çəkənlərdir. Ölkədə siyasi proseslərə qoşula biləcək bir partiya yoxdur.
Təxminən 7-8 il qabaq Hikmət Hacızadə demişdi ki, partiyaları buraxmaq lazımdır. Çünki, onların çalışmaları üçün şərait yoxdur. Hikmət bəy alternativ, daha effektli çalışma yolu da göstərirdi: dissidentlik, məqalələr yazmaq, maarifçilik, təkbaşına fəaliyyət. Bunu siyasi sahəni yaxşı bilən Hikmət Hacızadə deyirdi. Mən başqa sahəni yaxşı bilirəm. Xəbər mediasını. 8 il qabaq Azərbaycan dilində yayımlanan istənilən media orqanını gözümün qabağına gətirdim. Bu fikrə gəldim ki, heç bir media orqanında jurnalist və ya redaktor kimi çalışmaq üçün şərait yoxdur. Gedib dolanışığımı başqa sahədən çıxarmalıyam. Vaxtım olsa, yalnız bloq yazıları ilə məşğul olmalıyam və sosial mediada qalmalıyam. Azərbaycanda böyük media proyektlərinə xərclənən vəsait ya boşuna gedir, ya zərərli şeylərə işləyir.
Siyasi sahəni yaxşı bilən daha bir nəfərdən misal gətirmək istəyirəm. Çünki bunun mövzumuza çox dəxli var. Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu bir korrupsiya araşdırması haqda (Anar Əliyev) Qərbdəki bir quruma sifarişin Bakıdan getdiyini araşdırıb müəyyənləşdirdiyini deyir. O, “Yeni Müsavat”a müsabhibəsində hakimiyyət qurumundakıların “özlərinin komanda yoldaşları, hətta prezident barədə” kompromat tipli məlumatlar ötürdüklərini bildirir.
Diletantlar üçün, obıvatellər üçün bir jurnalistin korrpusiya faktını aşkarlayıb yayması qəhrəmanlıqdır. Qəhrəmanlıq sindromu 90-cı ildə gözlənilən ilk seçki fürsətini məhv elədi. O vaxtdan ölkədə fərli-başlı seçki keçirilməyib. O vaxt həmin qəhrəman Nemət Pənahlı idi, buna qarşı çıxan Leyla Yunus. Hələ də bu sindrom müxtəlif formalarda yaşayır və demokratik qüvvələrin addımbaaddım çalışmalarının bəhrəsi gözlənilən vaxt peyda olub onu məhv eləyir, prosesi on illərlə geri salır. Paradoksa baxın. Bu gün yenə sivil toplum quruculuğunun 20 Yanvarı baş verib. Və onun qəhrəmanı Leyla Yunusdur. Repressiyalara əl atanların məsuliyyətini azaltmadan bunları da deməliyik.
Mətbəxi bilənlər üçün, və ya sadəcə jurnalistikanı yaxşı bilənlər üçün jurnalistin korrupsiya faktlarını aşkarlaması, qəhrəmanlıq yox, tamam başqa bir şey də ola bilər. Kiçik bir ölkədir. Hamımız bilirik ki, əliyevlər, paşayevlər, heydərovlar, mehdiyevlər, məmmədovlar sadə ailələrdən olublar və babalarından da tonlarla qızıl mirasları olmayıb. Azərbaycanda isə biznes qurub pul qazanmağa rəqabətli şərait yoxdur. Yəni əgər bir media orqanı düşünürsə ki, holdinqlərin necə qurulduğunu araşdırmaq onun işidir, bunu araşdırmalıdır, onda bu araşdırma hakimiyyətdə təmsil olunan bütün qruplarla bağlı olmalıdır. Əks halda jurnalistin qrup savaşında və ya başqa bir siyasi oyunda alət olması təhlükəsi qaçılmazdır. Normalda bunu media yox, müxalifət düşünməlidir. QHT-lər monitorinq keçirməlidirlər. Media onların aşkarladığını işıqlandırmalı, mübahisəli tərəfləri, ittihamçını, müttəhimi qarşılaşdırmalıdır. Şəffaflıq demokratiyanın vacib ünsürüdür. Buna hakimiyyət bölgüsü, vətəndaş qurumlarının gəlişdirilməsi, dördüncü hakimiyyətin siyasiləşməməsi yolu ilə eləmək lazımdır.
Gəldik çıxdıq o məsələyə ki, demokratikləşmə prosesi aşağı qatlarda başlayır, hakimiyət bölgüsü ilə baş tutur, media aşkarlığı təmin edir. Xəbər mediası prosesi aşkarlayır, onu yönəltmir. Rasist, ayrımçı qruplardan başqa bütün qüvvələrə bərabər tribuna verilməsini təmin edir. Bu qruplardan birini gücləndirməklə məşğul olmur. Siyasi qruplardan, hakimiyyətdaxili qruplaşmalardan məsafə saxlayır.
Media haqda fikirlərimi öz praktikamdan bir epizodla davam etdirim. Çünki uzun müddət çalışdığım Azadlıq radiosunun indisi, hökumətin repressiyalara Azadlıq radiosunu bəhanə edib başlaması az-çox həmin epizoddan törəyən proseslərin nəticəsidir. Orda çalışdığım ilk 8 ildə müəllif verilişi aparmadım. Çünki, siyasi konyuktura uyan adam deyiləm. Bakı-Ceyhan proyektinin “xülya” adlandırıldığı vaxt obyektiv bir proqram aparmağı mümkün saymadım. Sonra çətinliklə də olsa, sivil toplumun formalaşması prosesini işıqlandırmaq və dünya örnəkləri ilə qarşılaşdırmaq üçün “Rəngli səslər” verilişini açdım. Veriliş nəyə görə bağlandı? 2006-cı ilin martında Azərbaycanda selektiv abort problemini işıqlandırdım. Qızların doğulmadan ayrı-seçkiliklə üzləşmələri, doğulmadan öldürülmələri haqda həkimlər, UZİ-yə gələn gəlinlər, qaynanalar danışdılar. Bu barədə sənədli film çəkmiş QHT-nin nümayəndələrini Praqada tutub studiyaya da gətirmişdim. Redaksiyanın o vaxtkı rəhbəri Abbas Cavadi üzümə durdu ki, belə bir problem yoxdur. O vaxt Cavadiyə ştatdankənar köməkçilik edən Kənan Kazımoğlu da onun tənqidlərinə qoşuldu, dediklərini təsdiqlədi.
Bu fakt. Bu onda və indi həmin Azadlıq radiosunun plançəkənlərinin sivil toplum problemlərinə, jurnalistikaya münasibətləri. Bəs onların media layihələri, planları nə idi? Hökumətə güzəştə gedib, bəzi senzuralar tətbiq edib FM dalğası aldılar. Basabasa salıb guya Azərbaycana qayıdan Rəsul Quliyevin təyyarədən (!) müsahibəsini yayımladılar. Bir-neçə belə avantüradan sonra xaricdən maliyyələşən radiolar efirdən yığışdırıldı. BBC də qurunun oduna yandı. Sonra qəhrəman yetişdirib ortaya saldılar. Bu dəfə qurunun oduna QHT-lər yandı.
Yenə 90-cı illərin əvvəli kimi təzədən başlamaq lazım gələcək. Ancaq artıq 90-cı illər deyil. Medianın mənası da həminki deyil. Artıq medianı kiminsə özəl məkanı kimi saxlamaq mümkün deyil. Başını quma soxub mediada boz kardinallıq eləyə bilməzsən. İrəli çıxıb repressiyalara öz məqaləsi ilə start verənlə debata girməlisən. FB-da yazılanları saxta profildən izləyib fürsət düşəndə məsələ qaldıranı xəlvəti üsullarla gözdən salmaq bitdi. Adamların gözünə kül üfürüb bu günkü repressiyaları primitivləşdirilmiş şəkildə çatdırmaq bitdi. Səhvlər etiraf olunmalı, proksi mübarizə bitməli, media pablik məkana çevrilməlidir. FB təyinatına görə özəl məkan olduğu halda, Azərbaycan dilində yayımlanan bütün media orqanlarından daha pablikdir. Ona görə ya canlı yayımda diskussiya, ya burda disput. Baş girləmək də, baş aldatmaq da bitdi.