Amerikalıların bizim üçün və özləri üçün yaratdıqları medianın fərqi
16 ildir ki, Birləşmiş Ştatların xəbər mediasını parodiya eləyən Con Stüart sonuncu dəfə bu gün “The Daily Show”da aparıcılıq elədi. Saxta xəbər proqramı adlanan bu komediyanı, daimi olmasa da, rast gələndə izləyirdim. (6 il qabaq Ilk bloq yazımda bəyəndiyim 3 şoumendən biri kimi adını çəkmişdim). Comedy Centrala aid bu veriliş dünyaya əsasən CNN ilə yayılırdı. Və ən çox ələ saldığı xəbər proqramları da CNN-in proqramları idi.
Bir epizodu deyim, keçim mətləbə. ABŞ-da bir əsrə yaxındır ki, “Ağ Ev müxbirlərinin naharı” deyilən bir tədbir var. Bəzi qəzetçilərimiz demişkən, “jurnalist cameəsi”ni vaxtaşırı ora yığıb çoxfunksiyalı məclis keçirirlər. Özüm demişkən, bəzən sadəcə mırt vururlar. Həmin bu CNN-də yayımlanan verilişində Con Stüart CNN-i Baltimor çaxnaşmalarını yox, bu naharı geniş işıqlandırdığına görə əməlli-başlı dolamışdı. Onun “big banquet theory” sözləri həmin jurnalist cameəsinə böyük partlayış kimi düşdü.
Bu, Amerikanın gerçək mediasının ucundan-qulağından bildiklərimdir. Gələk Amerikalıların bizim üçün yaratdığı surroqat mediaya. (Ha deyirəm, Qüzeydə isterika dayansın, normal bir diskussiya ortamı olsun, Güneydə mollalar siyasi həyatdan, mediadan itilib getsinlər, sonra bu söhbətləri açım. Ancaq olmur. Yeri düşür.)
Deməli Amerikanın bizim kimi xalqlar üçün açdığı surroqat mediada nəinki belə verilişlər təşkil edə bilərsən, ümumiyyətlə, adını çəkə bilməzsən. Nəinki həm yaxşı veriliş hazırlayasan, həm də onu tənqid eləyəsən. İşlər elə gətirib ki, həmin mediada birtəhər ayaqda qalamq üçün jurnalistikaya qarışmamalısan. Yəni bizdə aktivistlərin siyasətə qarışmaması kimi bir şey. Səbəbini uzaqda, komplo teoriləri-filanda axtarmaq lazım deyil. Çox sadə səbəbi var. Birləşmiş Ştatların özündə xəbər mediasının aparıcı simaları, menecerləri ölkənin birinci dərəcəli mütəxəssisləridir. Başqa xalqlar üçün yaratdıqları surroqat mediadakı şeflər isə üçüncü növ kadrlardır. Media da elə bir şeydir ki, baş girləməyə girişdisə – batdı. Həmin üçüncü növ kadrlar da öz rahatlıqları üçün yerli “briqadirlər” tapırlar. (“Рыбак рыбака видит издалека” məsələsi.) Tutaq ki, Azadlıq radiosunun Türkmən xidmətinə, nə cür olmuşdusa, cəmi bir nəfər ali təhsili olmayan düşmüşdü. Elə onu da götürüb direktor qoydular. Təbii belələrinin həyatda ən böyük uğuru beş-on nəfərin briqadiri olmaqdır və o, peşəkar kimi tanına biləcək istənilən işçini öz kreslosu… bağışlayın taburetkası üçün təhlükə sayacaq. Gürcülərin bəxti gətirib ki, onlarda elə adam tapa bilməyiblər. Bu üzdən gürcü redaksiyası normal peşəkar çalışırdı.
Hə bunu da deyim, gedim. Azadlıq radiosunda uzun illər jurnalistikaya qarışmamaq qadağasına birtəhər dözüb çalışıb-vuruşub bir veriliş aça bildim. Sivil toplum problemlərinə həsr olunan bu veriliş “Rəngli səslər” adlanırdı. Toplumun üzləşdiyi və üzləşəcəyi aktual suallar qoyulur, qarşı tərəflər toqquşdurulur, sivil dünyada bu məsələnin hansı kontekstə həll edildiyi aydınlaşdırılırdı.
Hə bax bu gün “vətəndaş cəmiyyəti əldən gedir” deyib bütün dünyaya səs salan “рыбак”lar o verilişi bağlamaq üçün nə hoqqalardan çıxdılar? Veirlişə qarşı nə repressiyalar düşündülər! Onun yerinə elə gülünc təkliflər verirdilər ki. Misal üçün, belə bir veriliş. İki nəfər deputat roluna girsin, xəyali seçki platforması yazsın, sonra müzakirə olunsun. Axı seçki ilidir. Biz sivil topluma aid verilişçə vaxt ayıra bilmərik. (Bəli, gerçəkləşdirdilər, aylarla efirə verdilər saxta deputat platformalarını.) Axır ki, bir bəhanə tapıb verilişi bağladılar: selektiv abort, yəni qız doğulacaq uçaqları bətndəcə öldürmə problemini qaldırdığıma görə. Рыбакlardan biri dedi, belə bir problem yoxdur, o biri dedi, olsa da bu barədə danışmaq səhvdir. Nə isə başınızı ağrıtmayım, mən getdim, siz də gedin. Ora-bura göz dikməyin. Özümüz bir media yaratsaq – yaradacağıq, yaratmasaq – xaricin üçüncü sortlarının əlinə baxacağıq.
Ancaq orda çoxlu fədakar insanlar da çalışır onu da deyim.