Hərdən mənə elə gəlir ki, biz təhriflər dövründə yaşayırıq. Hərdən elə gəlir ki, Illüziyalar dövründə yaşayırıq. Hərdən elə gəlir ki, kütləvi psixoz dövründə yaşayırıq. Hər nədirsə inkişafın normal yoluna çıxmağımıza, çağdaş dünyayla ayaqlaşmağımıza çox var. Mərkəz küçələri daş-mərmərlə bəzəmək uyqarlığa gedən yol deyil, bu yolu bəziləri minillər qabaq, bəziləri 500 qabaq keçib.
Tək bir dahinin (Atatürk, Pyotr) qabağa düşməsi ölkəni yüz il irəli apara bilər, ancaq tam sivilləşdirə bilməz.
Sivil yola hökumətlərin, müxalifətin, toplumun, medianın səyləri ilə, vətəndaşların təşəbbüsləri ilə çıxmaq olur.
Mənə görsənən odur ki, bizdə sadaladıqlarımın hamısı işləri dolaşdırmaqla məşğuldur.
Kimilərinsə çörəyi təhrifdən, kimlərinsə çörəyi illüziyaya inanan kimi görsənməkdən, kimlərinsə çörəyi işləri dolaşdırmaqdan çıxır.
Elə absudrstanlıq da burdadır: xidmətdən, aydınlaşdırmadan, asanlaşdırmadan, istehsaldan, yeni dəyər yaratmaqdan qazanmaq olmur bu ölkədə. Yəni peşəkar mühit yoxdur.
Bunların hamısı haqda ayrı-ayrı yazmaq lazımdır.
Qısa xülasə belədir:
Hakimiyyətin əlinə havayı pul keçib, bunu dəyər yaradan işlərə qoymaqdansa, bir hissəsini şoulara, o biri bir hissəsini bu şouların propaqandasına xərcləyir, qalan pulun isə dalından keçir.
Ənənəvi müxalifət partiyaları səfirliklərlə məsləhətləşmələrini, onlara şikayəttlənmələrini utanmadan iş kimi qələmə verir və ya iş görmək sayır.
Sivil toplum bir tərəfdən siyasiləşib, o biri tərəfdən qütbləşib. Üstəlik bəziləri korrupsiyalaşıb. İndi də ayaqlar altında qalıb.
Media propaqandaya tabe edilib, Rusiyanın, qismən də Türkiyənin dezinformasiya axınına uyğun olaraq özü üçün balaca milli axın qaynadır. Bir sözlə, inkişaf eləmiş dünya bir səmtə axır, biz isə Rusiyafason burulğanda üzüb öz milli axınımız olduğunu iddia eləyirik. Bəlkə hökumətli-müxalifətli, yazıçılı-aktivistli Qərbi söyməkdənsə onun dilini öyrənək, görək bunlar hara gedirlər, nə istəyirlər?
Hardan başlayaq? Təbii ölkənin irəliyə aparılmasının məsuliyyətini biirnci daşımalı olan hakimiyyətdən.
1 thought on “Bir yazıya sığmayacaq mövzuya giriş”