Biz səhər yeməyini Bakıda yeyə bilərik, təyyarəyə minib naharı Moskvada, şam yeməyini Parisdə yeyə bilərik. Qarajımızda ciplər qoşa-qoşa ola bilər. Ancaq bu o demək deyil ki, indi də biz avtomobil minirik , göydə balonlarla gəzirik.
Hər dövrün öz göydəki balonları var. İndinin göydəki balonlarının adı açıq toplum və İT-dir. Bizim başbilənlər bunu lüt gəzən, it saxlayan kimi qələmə verirlər. Ancaq belə deyil.
Xəbərkopyalan saytlardan bir şey çıxmaz. Onlar bizə indinin göydəki balonlarını göstərməyəcəklər. Onların dərdi başqadır.
Balonlardan yeri gəldikcə danışmaq istəyirəm. Bu gün ikisini deyim. Crowdfunding və Bitcoin.
Son illər işgüzar dünyada maraqlı yeniliklərdəndir.
Crowdfunding – yaxşı ideyaları, o sıradan biznes proyektlərini ellikcə yığışıb maliyyələşdirməkdir. Ən yaxşı misal kickstarter.com saytıdır. Hər kəs ideyasını təsvir eləyir. Nəyə lazım olduğunu deyir, faydasından danışır, sərmayəçinin xeyrini deyir (bəzi proyektlərdə bu olmaya da bilər). Sonra proyektə nə qədər pul lazım olduğunu bildirir. Bir müddət qoyulur. Bu müddətdə göndərilən pullar ayrıca hesaba yığılır. Gərəkli pul toplansa ideya sahibi pulu bütünlüklə alır. Toplanmasa sərmayəçilərə geri qaytarılır.
Buna dilimizdə “toplumaya“ deməyi təklif elyirəm.
Önəmi odur ki, pulu ağıl, intelekt olan yerə yönəldirlər. Bu həm maddi, həm mənəvi tələbatları ödəmək üçün yaxşı yoldu.
Bitcoin isə tək puldur ki, heç bir mərkəzi bankdan asılı deyl, köçürmə xərci minimumdur və pulun keçdiyi bütün yollar qeydə alınır. Başqa heç bir pulda bu özəlliklər yoxdur. Yəni artıq pul başqa mənalar qazanır. Orta əsrlərin pul-əmtəə münasibətləri ilə hələ uzun illər piyada qala bilərik. Ağıllı sərmayəçilər bura sərmayə yatırır. Daha işgüzarlar “mining” ilə məşğul olur. Hərfi mənası faydalı qazıntı çıxarmaqdı.
Amerikalılar, avropalılar toplumaya ideyasınacan fundraising (ianə)-dən keçib gəliblər. Kollektiv idman növlərində uğur qzanan xalqlar startaplara sərmayə yatırıra-yatıra irəliləyiblər. Fərdi idman növündə meydan sulayan xalqları arxada qoyublar. Bir neçə milyon pulu başlı mütəxəssislərə əsirgəmədikləri üçün milyardlara əlləri yetib, indi də toplumaya ideyasına gəlib çıxıblar. Fərdi idman növündə uğur qazanan xalqlar alverdən o yana çıxa bilmirlər. Düzdür, onlar da milyard qazanırlar. Ancaq bu milyard o milyardlar qədər mənalı deyil. Bu milyard həccə, risovkalığa, hamıdan hündür binası, hamıdan yekə maşını olmaq kimi mənasız şeylərə xərclənir.
Alverdən söz düşmüşkən, alveri də qabaqcıl toplumlar təkbaşına eləmirlər. Kabbage.com saytı buna ən gözəl misaldı: alveri bacardığını göstər, pulunu verək onu biznesə çevir.