Sofiya adlı humanoid robot süni intellektin tam özü deyil. AI-nin geniş auditoriyanın anladığı bir formada ortaya çıxarılmasıdır. Yəni AI-nin Hollivudsayayağı görsənişidir. Zarafatlaşa-zarafatlaşa əsl süni intellekti yaradan adamlar Sofiyanın “intellekti” ilə bağlı ciddi suallar verirlər. Süni intellekt başqa şeydir, bəlkə də bu anda kompüterinizdə sizdən xəbərsiz, gələcəkdə nə ala biləcəyinizi, hara gedəcəyinizi öyrənən skript fəaliyyətidir.
Sofiyanın marketinq və biznesə daha çox bağlılığı şübhəsizdir. Məsəl üçün, Səudiyyə Ərəbistanının Vəliəhdi Məhəmməd ibn Salmanın yeni imicinin yaradılması üçün ondan keçən il istifadə olunub. Səudiyyənin neftdənsonrakı dövrdə investisiya infrastrukturu yaratması fikrini qabartmaq, gələcək kralı yaddaşlarda innovasiyaların hamisi kimi göstərmək üçün ondan istifadə olunub.
Bir sözlə, Sofiya barədə çox ciddi suallar var. Bu sualları mütəxəssislər verərlər.
Bizim verə biləcəyimiz suallar onun arxasındakı siyasətə, maliyyəyə aid ola bilər. Məsəl üçün, Səudiyyə Ərəbistanı Sofiyaya vətəndaşlıq verib. Adından, görkəmindən bilindiyi kimi, o, qadın vətəndaşdır. Bəs o, ölkə qanunlarına görə məhrəm kişinin müşayiəti olmadan, tutalım Azərbaycana necə səfər eləyib? Hanı onun ərinin, qardaşının, atasının icazəsi?
Işdi-şayət, onun skriptlərinin bir hissəsinin müəllif hüquqlarını pozmaqla, yəni oğurluqla yaızldığı üzə çıxsa, şəriətə uyğun Sofiyanın əlləri kəsiləcəkmi? Sofiya çadraya bürünməsə qamçılayacaqlarmı? O, müsahibələr verir, efirə çıxır. İşdi, birdən krallığı tənqid eləsə, demokratiya, seçkili hakimiyyət məsələsini qaldırsa, onu Bakıdakı səfirliyə sorğuya çağırsalar və yoxa çıxsa, çəkilən xərclər necə olacaq?