Qərb mediası ermənipərəstdirmi? Dünya türk-islam düşmənləri ilə doludurmu?
Bu tip sualların cavabını həmişə qısa verirəm: yox. Ancaq qısa danışanda təhrif qaçılmazdır. Bu təhrifi əldə bayraq eləyib məsələnin mahiyyətini heçə endirənlər var. Öz günahımızı pərdələyənlər var. Məsələ avtoritarzim və din tərəfdarlarının dediyi kimi deyil.
Bir az geniş danışım.
Lap uzaqdan gəlim. Dünyada obyektiv reallıqlar var. Bu obyektiv reallıq deyilən şey iki azərbaycanlının sırf onlardan asılı olan işdə əclaflıq eləyib günahı reallığın boynuna atması deyil.
Dünyanın indiki problemlərinin kökü gedib çıxır eramızın birinci minilliyinə.
Antik zamanlarda kainatın elmi dərkinə uğurlu cəhdlər olmuşdu. Fəlsəfi fikir zirvəyə çatmışdı (günü bu gün o fəlsəfə kateqoriyaları işləkdir). Necə olur ki, birdən-birə minillik qaranlıq dövr başlayır? Dəyşən nə idi? Dəyişən o idi ki, monoteist dinlər meydana çıxıb dünyaya hakim olmuşdu.
Demək səbəbi monoteist dinlərin totalitar təbiətində axtarmağa əsasımız var, politesist dinlər, paqanizm insan fikrini monoteist qinlər qədər məhdudlaşdırmayıbmış. Onlar qədər repressiv olmayıbmış. (İndi Amerikadakı “white supremacist” problemindən tutmuş Yaxın Şərqdəki terrorçuluğa qədər əksər problemlərin kökü bu obyektiv reallığa dayanır.)
Ta 17-18-ci əsrlərə qədər bəşəriyyət bu torda çabalayıb. İşıqlandırma dövrü və onun nəticəsi olan inqilablar din və şahlığa qarşı sekulyar respublika üsul idarəsini qoydu. Tədricən elm ruhanilərin sayıq nəzarətindən yaxasını qurtardı, alimlər işlərinin xatirinə allahın adını, “əmrlərini” dəqiqəbaşı, kommunistlərsayağı təsdiqləməli olmadılar.
Şahlığa qarşı respublika, dinə qarşı elmi dünyagörüş Fransız inqilabları dalğası ilə, Tiflis you ilə bizə də gəldi (sovet dərsliklərində iddia olunduğu kimi Sankt-Peterburq yolu ilə yox). Şahlıq üsulu, din sivil dünyada məğlub olsa da, məhv edilmədi, fransızlar azca qəddarlıq edib kralı fiziki məhv elədilər, dini isə tam öldürməyib marginallaşdırdılar. Britaniyalılar üzüyumşaqlıq eləyib hər ikisini məhdudlaşdırılmış formada saxladılar.
Sanki bir konsensus yarandı ki, din adamların şəxsi həyatına aid məsələdir, krallıq tarixə aid məsələdir, yaxud siyasi mədəniyyətin tarixidir, dövlətə qatmayın-filan. Əsl elm adamları da özlüklərində bilirlər ki, dini dünyagörüş kainatın dərkinə yaramır, ancaq etik normalara görə bu fikri qabartmırlar. Yəni bəşəriyyətin köhnə, monoteizmdəngəlmə problemlərinin zərərini azaltdılar, amma bir növ onu da yaşatdılar. Aparıcı xətt isə sekulyarlıq, cümhuriyyətçilik, azadlıq oldu.
Bəzi cəmiyyətlərin məsələn, ermənilərin və yəhudilərin dini unikal olduğundan və ya unikal qol olduğundan ondan tarix boyu cəmiyyət, daha sonra millət quruculuğunda yararlana biliblər və bu gün də yararlana bilirlər. Azərbaycanlıların tarixi fərqlidir. Onlar ola bilsin, şahlıqlar yaradblar, ancaq cəmiyyət yaratmayıblar. Şah öləndə bütün sistem ölüb.
Bizə cəmiyyət quruculuğunun modern yolunu Mirzə Fətəli Axundzadə, daha sonra Zərdabi göstərib. Cəlil Məmmədquluzadə o biri ənənəvi şahlıq, din, mentalitet yolunun daşını daş üstə qoymayıb, bütün biabırçılıqlarnı bircə-bircə göstərib. “Axund və keşişin vəzi”ndə erməni cəmiyyətinin təşkilatlanmasında dinin qurucu, bizim cəmiyyətdə isə islamın məhvedici, çürüdücü rolunu çox lakonik göstərir.
Ərz elədik ki, modern dünyada, siyasətdə din əsas deyil, dini mənsubiyyət əsas deyil. Onu da ərz elədik ki, dini, totalitar dünyagörüşü yaşadanlar hələ var, dominant olmasalar da yaşayırlar. Qərbi Avropada sekulyarizm çox güclüdür, Amerikada dini faktor bir az qalır, respublikaçılar dövründə xeyli qabarır.
Dünyanı azərbaycanlılardan yaxşı tanıyan ermənilər bundan istifadə eləyirlər, ermənilərin tarix boyu müsəlman zülmünə, türk qırğınına məruz qaldıqlarını istənilən fürsətdə deyirlər. Dünyada bir növ reallıq yaranıb, onların dedikləri qəbul olunub.
Gələk biz həriflərə.
Hərif dedim, təhqir kimi qəbul eləməyin, doğrudan hərifik.
Dünya Osmanlının erməniləri qırdığını birmənalı qəbul eləyir. Qırğınları törədən üç paşa hətta 1919-cu ildə Osmanlı məhkəməsində günahkar elan olunub – biz bu faktdan qaça bilmərik. Dünya da bilir. Qırılan ermənilərin sayı ilə propaqanda məqsdi ilə sonralar manipulyasayalar edildiyinə də inanıram, 1945-ci ildə icad olunmuş soyqırım terminini geriyə tətbiq eləmək cəhdini də səhv sayıram – bu ayrı məsələdir.
Deməli, sovetdən ipimiz qırılandan sonra bilmədik özümüzü hara verək. Hərif kimi başladıq islamı dirçəltməyə, guya biz qatı müsəlmanıq, başladıq Gülənin, Ərdoğanın küyünə gedib Osmanlı ilə fəxr eləməyə.
Halbuki, biz tərəfdə “erməni-müsəlman davası” adı ilə məşhur olan hadisələrdə Osmanlı qıran tərəf, ermənilər Anadoluda qırılan, Qafqazda qıran tərəf, biz isə qırılan tərəf olmuşuq.
Yəni özümüzü həqiqətin əksinə olaraq, qatı müsəlman kimi qələmə verməyimiz, Osmanlı ilə eyniləşdirməyimiz həriflik idi. Bu axmaqlığın bədəlini Dağlıq Qarabağ münaqişəsində dünyada təklənməyimizlə ödədik. Həqiqət budur ki, bir millət kimi formalaşmağımız ümmətdən ayrılıb sekulyar dəyərlərə üz tutmağımızla, cümhuriyyətlə başlayır.
Adda-budda, qaçaraq, tələsik yaza-yaza gəlirəm bu günlərə. Azərbaycan hakimiyyəti milyonlarla para xərcləyir, lobbi yaradır, CNN-ə reklam verir. Ancaq Azərbaycanın hekayəsini niyə dünya qəbul eləmir?
Səbəb təkcə xrisitanların bizə qarşı qərəzi deyil. Bəlkə də heç deyil. Bizim hekayənin axmaq, saxta və müasir dünyaya yaramamasıdır. Həqiqətə uyğun olmamasıdır. Axmaqlığının nə olmasına toxunduq. Saxtalığı da odur ki, biz sünnət toylarını mütləq araqla yola verən müsəlmanıq. Tezliklə iftarı da araqla açacağıq. Hər şeyin orijinalı yaxşı olsa da, islam dininin saxtası yaxşıdır, mən azərbaycanlıların ənənəvi islamından yerdən-görə qədər razıyam. Ancaq gəlin özümüzü qatı müsəlman kimi qələmə verməyək. Çünki, daşnaklar bizi hərləyib-fırlayıb osmanlı ilə eyniləşdirmək üçün fürsət axtardığı kimi, islam terrorunu əldə bayraq eləyən ağ supremasistlər də əsl müsəlman mənəm deyib atdanıb ortaya düşən hərif axtarırlar ki, dərsini versinlər.
BIr halda ki, biz gerçəkdən sekulyarizmə daha yaxınıq, dindən uzağıq, niyə dünyada həmin güclərlə bir cərgədə durmayıb özümüzü dürtək 18-ci əsrdən bəri məğlub ola-ola, biabır ola-oal gələn din-şahlıq dünyagörüşünə?
Ümumiyyətlə, Axundzadə-Zərdabi-Mirzə Cəlil yolundan sapıb fazilmustafa-həmidherisçi-gülən-məkarimi yolunda vurnuxmağımız əsrimizin ən böyük ideoloji axmaqlığı idi ki, biz bunu elədik.
Bundan da betəri var. Cəmiyyət quruculuğunda padşahlıq yolunu seçməyimiz kimi səhvi yenidən təkrarlayırıq. Şah İsmayılın, sonra Nadir şahın başında təşkilatlanıb onların ölümündən, yaxud sülalələrinin sonundan sonra başıpozuq bir kütləyə çevrilməyimiz ucbatından davamlı cəmiyyət quruculuğumuz olmayıb. İndi yenə də şəxs ətrfında cəmiyyət qurmağa girişmişik. Bu cür quruculuq nə davamlıdır, nə effektiv.
Bilirik ki, Amerikanın allahı puldur. CNN-ə reklam parası verəcən, bir neçə rolik fırladacaq, uzaqbaşı Ağalarovla Tramp kampaniyasının əlaqələri haqda həssas məlumatların üstündən keçəcək. Ancaq erməni icmasının bir əsr boyu gördüyü davamlı, sistemli işin qarşısında belə reklam paraları duruş gətirə bilməz.