Olmuş əhvalat. 1987-ci il. Universitetin jurnalistika fakültəsinin ədəbiyyat müəlliməsi adəti üzrə dərsin birinci yarısını qızların bəzənməyinə ilişməklə keçirir. Təbii gözəlliyin dəyərlərimizə uyğunluğundan danışır. Kosmetikası gözə dəyən qızları dərsdən çıxarır ki, get özünü tələbə görkəminə sal gəl. Qızlar pıçıldaşırlar ki, müəllimənin şərqşünaslıqdakı qızı özünə hamıdan çox bəzək-düzək verir.
Birdən qapı döyülür. Dekanımız xahiş edir ki, tələbələrə icazə ver, Sovet televiziyasının Yaponiya üzrə müxbiri işləmiş Vladimir Tsvetovla görüş var. Üzrxahlıq edir: bağışlayın, belə alındı, adam iki saata hava limanında olmalıdır, görüşü dərsdən sonraya keçirmək mümkün deyil.
Müəllimə bir hay-küy qopardı ki! Bəs mən tələbələrə cənublu şair Xalxalinin “Sələbiyyə” (Tülkünün nağılı) əsərindən danışmalıyam. Bir xeyli deyindi.
Xülasə, Tsvetovla görüşdə onu öyrəndim ki, sovet rəhbərliyi arada Yaoniyada etiraz aksiyaları çəkmək üçün müxbirə sifariş verirmiş. O da işsizləri, pyanskaları öyrədirmiş, bir az da təşkilatçılıq xərci çıxırmış, bir-iki kadr çəkib göndərirmiş. (Yenidənqurma vaxtı Moskvada, Baltikyanıda, Gürcüstanda pablik yerlərdə antisovet söhbətlər eləmək olurdu, Azərbaycanda bu nadir bir şey idi.) Tsvetov xəbərlərin yayılmasındakı bürokratiyanı da dolayısıyla tənqid elədi. Onun sözlərinə görə, yapon mediasında, sadəcə növbətçi jurnalist xəbəri dəqiqləşdirib yayıımına qərar verir. Sovet jurnalistikasında bir xəbər yayılmazdan qabaq redaksiyada şöbələri dolaşıb Mərkəzi Komitəyə gedirdi. Sonra lazım bilsələr yayırdılar.
Bir sözlə, belə söhbətlər olmasaydı, indi “Sələbiyyə”ni əzbərdən bilərdim, güneyli şairlərimizin fəlsəfi dərinliklərindən danışardım, ənlik-kirşanın, şortikin milli-mənəvi dəyərlərimizə, mentalitetimizə zidd olması haqda mühazirələr oxuyardım. Yəqin professor-zad idim.
Bu mövzuda
26/07/2022