Bu iki xəbəri oxuyun.
Birincidən nə anladınız? Bank hesabından pulun necə oğurlanmasına aydınlıq gətirilibmi? Məncə, nəinki aydınlıq gətirilib, əksinə, qarışıqlıq yaradılıb. Pulların hesabdan çıxarılması ilə bağlı çoxsaylı suallar bir yana, mətnin özü əlavə suallar çıxarır. “Xəbər verdiyimiz kimi” ifadəsi yersizdir. Hər bir xəbər ayrılıqda anlaşılan olmalıdır. Bu, yarımçıq xəbərləmə örnəyidir.
İkinci xəbərə baxaq. Polisin cinayəti açması iddiası fakt kimi qələmə verilir. Bu da xeyli manipulyasiyaya yol açır.
Biznes jurnalistikası Azərbaycandakı jurnalistika fakültələrində keçilməyən fənndir. Ona görə, jurnalistin bu sahəni bilməməsi başa düşüləndir. Amma xəbəri hazırlayan kəs bank və kripto əməliyyatlarının mexanizmi haqda məlumatsızdırsa, redaktor da bunu bilmirsə, onda yayımdan qabaq bir mütəxəssisdən izah alınmalıdır. Əks halda, polis medianı asanlıqla manipulyasiya edə biləcək. Əgər oxucu kütləsinin media savadlılığı aşağıdırsa, problem üzə çıxmayacaq, amma bu, problemin yoxluğu deyil.
Kripto bazarında alqı-satqı haqda bir az məlumatı olan bilir ki, bank hesablarından başqa hesaba köçürülmüş pulu aşkarlamaq hələ cinayətkarı aşkarlamaq deyil. Pulu qaytarmaq isə başqa bir hesab sahibini zərərçəkənə çevirməkdir.
Niyə? Tutalım, birisinin əlində (virtual pul kisəsində) halal kriptosu var. Bunu öz pulu ilə alıb və ya öz zəhməti ilə – kriptomədənçiliklə toplayıb. Onu nağd pula çevirmək istəyir. Banklar bu işi görmür. O, P2P kripto platformalarında müştəri tapır. Müştəri onun hesabına pul köçürməlidir. O da öz kriptosunu müştərinin virtual pul kisəsinə atmalıdır. Pul bank hesabına gələndə satan tərəf P2P platformasında onu təsdiqləyir və öz kriptosu ilə vidalaşır.
Bəzən kripto alıcısı fırıldaqçı olur: pulu öz hesabından yox, başasının hesabından ödəyir. Yəni başqasının hesabından pulu ya bankla cinayət əlaqəsi qurub ödəmək olar, ya bankın təhlükəsizik sistemini yarmaqla (hakerliklə), ya da hesab sahibini adatmaq yolu ilə. Belə halda bank və ya polis kripto satıcısının boğazına çökür ki, bəs bu, filankəsin hesabından oğurlanmış puldur. Halbuki, burda kripto satıcısının heç bir günahı yoxdur. Amma o cəzalandırılır. Hesabına gələn pul geri qaytarılır və guya, ədalət bərpa olunur. Halbuki, müştərisinin hesabına başqasının əl uzada bilməsinə, yəni ordan pul köçürməsinə şərait yaradan bank günahkardır. Bir hesabdan 80 min manatın belə asan üsulla çıxarıla bilməsində bankın da, hesab sahibinin də günahı ola bilər. Yeganə günahsız tərəf öz kriptosunu satandır ki, onu da cəzalandırırlar. Ən böyük cinayətkar isə kriptonu alıb aradan çıxandır və polisin onu bir neçə saata aşkarlaması mümkün deyil. Onu aşkarlamaq çox uzun bir prosedurdur. Birincisi, P2P platformaları Azərbaycanın nəzarətində deyil. İkincisi, o platformalardan müştərilərə aid məlumatları almaq uzun bir prosedurdur və bunun üçün istər dünyada, istə Azərbaycanda qanunvericilik hələ təkmil deyil. Nazirikdən bir zəng vurub “o kaşlok hansı qoduğundur?” deməklə həll olunmur bu işlər.
Xülasə, bu iki xəbər nümunəsindən görürük ki, media savadı olmayan oxucu kütləsinə yarımçıq və yanlış xəbər verməklə ədalətin bərpası haqda təsəvvür yaradılır, amma nə cinayətkar tapılıb, nə də iş ədalətli həll olunub.