Putinin Fox News-un əsas sıfatı olmuş Taker Karlsona (Tucker Carlson) verdiyi müsahibə ilə bağlı nüanslar çoxdur. Bu müsahibənin bu şəkildə yayılmasını hüquq, siyasət və jurnalisitka baxımından dəyərləndirmək üçün həm yazana, həm oxuyana çoxlu vaxt lazımdır.
Kəsə yolla gedək. ABŞ Konstitusiyasına Birinci Əlavə amerikalılara bilmək, xəbər almaq, kimlərinsə xoşuna gəlib-gəlməməsindən asılı olamayaraq hər şeyi eşitmək hüququ verir. Və bu hüququn gələcəkdə də dəyişdirilməməsinə təminat verir. Karlson həmin hüquqa əsaslanaraq belə bir ziddiyyətli addım atıb. (Karlson dünyagörüşü, siyasi mövqeyi, əməlləri baxmından çox bəd bir tipdir. Ancaq hüquq tiplərə fərq qoymur.)
Tezcə keçək məsələnin jurnalistika tərəfinə. Bu peşənin də bir növ “Birinci Əlavə”si var. Siyasətçilərə mediadan alət kimi istifadə eləməyə, öz propaqandasını aparmağa imkan verməmək, faktları dəqiqləşdirmək, maniplyatorların qarşısına tutarlı suallarla çıxmaq və sair. Karlson bu işin öhdəsindən gələcək səviyyədə birisi deyil. Trampçıdan bunu gözləmirik də. Müsahibənin ilk anonsunu verən və Twitter-də yayımlayan İlon Mask da jurnalistikada yenidir, naşıdır. Hətta köhnələrin də bənzər səhvləri olur. Məsələn, Kristian Amanpur (Christiane Amanpour) bir dəfə mikrofonu verdi Moderna şirkətinin sahibi Noubar Afeyana. O da Qarabağdakı cinayətlərin çoxunun başında duran rejimin əsas fiqurlarından birini – Ruben Vardanyanı müdafiə elədi. Daşnakların qurduğu hekayəni təkrarladı. Amanpur da bir kontr-sual vermədi. Məsələn, Azərbaycana, Qarabağa heç bir bağı olmayan Vardanyanın Xankəndidə nə iti azmışdı tipli sual.
Xülasə, qarşısındakı manipuyasiyaya gedəndə, propaqanda aparanda jurnalist sual verməlidir, əks arqumentlər gətirməlidir, mal-mal baxmamalıdır. Əgər müsahibə verən əvvəlcədən sualları seçməyi şərt qoymaqla razılaşırsa, onda media orqanı proqram siyasətində bu problemi həll etməlidir. Məsələn, özünün təhlilçilərini həmin müsahibədən sonra efirə çıxara bilər. Əks arqumentləri olan birisindən ayrıca müsahibə götürüb ardıcıl efirə verə bilər… Ən azından səhv getmiş faktları qeyd edə bilər. Bu hissədən də çox uzun danışmayacam. Karlson-Mask tandemi həmin işin öhdəsindən gələ bilmədi.
Məsələnin siyasi tərəfindən danışmaq vacibdir. Çünki bir dövlət başçısının hüquqa yox, beynəlxalq qanunara yox, tarixə üz tutması bizim regionun da yoluxduğu xəstəlikdir. Buralarda tarix tarixçilərin işi deyil. İran, Azərbaycan və Ermənistanda tarixlə tarixçilərin məşğul olması üçün heç bir şərait yoxdur. İstənilən tarix söhbətləri siyasi və saxtadır. Hər üç ölkədə indi mövcud olan millət və xalqlar min, iki min il qabaq mövcud olmuş xalqlarla eyniləşdirilir. Əsas səhv budur. Filip Ekozyants kimi, Cavid Ağa kimi azsaylı istisnalar da var. Amma bu ölkələrin “elm ictimaiyyəti” başda olmaqla, əsas hissəsi elə tarixi Putin kimi səhv anlayır.
Azərbaycan, Ermənistan etiraf eləmir ki, indiki dövlətlərinin tarixi 1918-ci il, Qafqaz Seyminin dağılması nəticəsində yaranmş şəraitdən o yana getmir. Ermənistanda bunu dövlət qurmaq üçün min il əzab-əziyyət çəkməyin nəticəsi adlandırırlar, bir qəmli hekayə də düzəldib artist-artist danışırlar. İrəvan xanlığını işğal edən Rusiya əvvəlcə oranı Erməni Vilayəti adlandırdı, sonra İrəvan Quberniyası. Ermənistan Respublikası da bu quberniyanın bazasında yarandı. İndi həmin Ermənistanı aparıb Kipr tərəfdə 13-14-cü əsrdə mövcud olmuş Klikiyaya bağlamağın, onun varisi saymağın, yaxud Roma İmperiyasının hansısa əyalətinin davamı saymağın gicbəsərlik olduğunu anlamaq elə çətindir? Azərbaycan “alimləri” Qacarları, Səfəviləri köməyə çağırır, görəndə ki, qarşısındakı daha uzağa gedir, bunlar da “qədim dövlətçilik” yarışında Azıx mağarasınacan azıb gedirlər. Bunun absurdluğunu görmək belə müşküldür?
Tarixi abidələrin bu yarışda və ərazi iddialarında, etnik təmizləmələrdə alət kimi istifadə olunması Ermənistanda 263 məscidin yer üzündən silinməsinə, Azərbacanda isə köhnə kilsələrin bərpa zamanı təhrif edilməsinə və Naxçıvanda yüzlərlə xaçkarın məhvinə səbəb oldu. Qafqazdakı Qoç abidələri müəmmalı şəkildə yoxa çıxdı.
İran isə lap komediyadır. İranın siyasi-inzibati şəkli Qacarların əl işidir. İrana hazırda hakim olan ideologiyanı Səfəvilər yaradıblar. Yəni dövlət tarixləri ən uzağı oracan gedib çıxa bilər. Di gəl ki, çoxdan ölmüş xalqların siyasi, mədəni irsini indiki İran dövlətinə calayıb “qədim dövləçilik hekayəsi” düzəltmiş Pəhləvi və Qacar nökərlərinin versiyası hakimdir. (Coğrafi ekzonimlərin sonradan siyasiləşməsi, mənasını dəyişməsi, bəzən başqa mənalı endonimə keçməsi (məsələn, pers-fars) xalq adlarının tarix boyu şəkildən-şəklə düşməsi bu manipulyasiyalarda böyük rol oynayıb.) Dünyada da bir sürü küyə gedən var, kitablara, ensiklopediyalara düşmüş bu gopu Quran ayəsi sayırlar. Qədim dövlətçilik hekayələri gerçək tarix deyil, münaqişələr üçün barıt çəlləkləridir. Qədimdə bir-birini dağıtmış dövlətlərin hər ikisi nə cür indiki dövlətin sələfi ola bilər? Bu üç ölkədə həmin nağıllardan əl çəkib birgə Şərq tarixi yazamaq üçün heç bir cəhd yoxdur.
Yəni Putinin tarixə belə xəstə baxışı bizə də yad deyil. Putinin ən yaxın tarix haqdakı ən gülməli iddiası isə təxminən belədir. Polyaklar Hitlerlə əməkdaşlıq etmədilər. Onun Planına qarşı çıxdılar, o da məcbur olub müharibə elədi. (1939-da Hitlerlə kimin yaxşıca əməkdaşlıq etməsi bəllidir, sovetlər və ardıcılları bunu gizlətsələr də). Yəni Putinə gorə, Polyaklar lebensraumu – Almaniyanın Şərqə genişlənməsini rədd elədikləri üçün, işğal olunmalarına qarşı çıxdıqları üçün günah onlardadır. Ancaq dil yanılar, düzünü deyər. Putin də elə Hitlerin tayıdır. Ukrayna onun Qərbə doğru genişlənmək planına qarşı çıxıdğı üçün Putin müharibəyə başladı..