Ən çox zəhləm gedən ifadə: “reallıq belədir”. Bilirsiniz nə vaxtdan zəhləm gedir? Əsrin aşırımından, xəbər mediası yavaş-yavaş Əli Həsənovun sisteminə cəlb olunmağa başlayanda redaktorların bu arqumenti gətirməsindən. Hamısından bir-bir eşitmişəm o arqumenti.
İndi ikinci dalğa gəlir.
Hörmət elədiyim bir neçə, eləmədiyim çoxlu tanınmış aktivist, təhlilçi, ədib, siyasətçi xalqı danlayır ki, reallığı başa düşmürsünüz. Qlobal proseslərdən də çoxlu misallar, arqumentər gətirirlər, auditoriyada az adamın bildiyi faktları sadalayırlar. Sözlərinin məmmədqulusu budur ki, başa düşmürsünüz, buna qane olmasanız vəziyyət daha pis olacaq. İnfantillik eləməyin.
Bir anekdotda deyildiyi kimi, mən onlar kimi gözəl deyə bilmirəm, sadəcə xülasəsini deyirəm.
Rusiya ictimai mühitindən keçmiş bir azar var. Diskussiyalarda kim səs çatmayan, ün yetməyən ərazilərdən daha çox misallar gətirsə, onun arqumentəri sanballı sayılır. Elə deyil.
Mövzuya gələk onda aydın oalcaq. Reallıq nədir? Bu suala cavab vermək mümkün olsaydı, fəlsəfədə mövzular bitərdi. Heç kəs reallığın nə olduğunu bilmir. Nəsnələr çoxdur, olara hər kəsin subyektiv baxışı var, bu baxışlar arasında çoxlu uyğunsuzluqlar var. Amma adamlara bir praqmatik izah lazımdır ki, işlərinə-güclərinə davam eləsinlər. Bu izah isə çox vaxt reallıq haqda konsensusla başa gəlir. Yəni səhv də ola bilər, ancaq az-çox işə yarayır, alternativ izahlara nisbətən daha praktikdir. Alternativ izah daha doğru ola bilər, məsələ bunda deyil. Buna konsensus reallıq deyilir.
Fikir verin, reallıq yox, konsensus reallıq. Çünki reallığın nə olduğunu dünyada heç kəs tam bilmir.
Ontologiyaya toxunmadan keçək sosiologiyaya. Qısa yazmağı xoşlayıram, kitab yazmırıq ki. Sosiologiyada reallıq və toplumun əlaqələrini ən yığcam ifadə eləyib teorem halına salan Uilyam Tomas (William Isaac Thomas) və Dorosi Tomasdır (Dorothy Swaine Thomas).
Bu teorem belə ifadə olunur: əgər biz bir şeyi real kimi qəbul eləyiriksə, və ya onun real olduğuna inanırıqsa, nəticədə o real olur.
Bu günün örnəyi ilə desək, beloruslar Lukaşenkonu məğlubedilməz saydıqları nəticəsində o, məğlubedilməz olub. O, məğlubedilməz olduğu üçün ayaqda deyil, məğlubedilməz sayıldığı üçün, toplum onun məğlubedilməzliyinə inandığı üçün sonda qalibdir. Onun məğlubedilməzliyi reallıq kimi qəbul edildiyi üçün reallıqda o məğlub edilməyib.
Bir neçə dəfə bu mövzuda yazmışam, keçmiş yazılarımda başqa örnəklər də var idi. Çox uzatmayım.
Xülasə, sizə reallıqdan dərs deyənlər, reallığı anlamdığınıza görə danlayanlar sizə yaman reallıq hazırlayırlar, xəbəriniz olsun.