Praktikada iki növ jurnalistika var. 1. Fakta (dəlilə) əsaslanan jurnalisitka. 2. Hələ ad qoyulmayıb. Gəlin ikincinin adını fikirləşək. Əgər fakt, dəlil yoxdursa, yazı nəyə əsaslanır? Sözə. “Mən söz adamıyam” tipli ifadələrə bizim jurnalistika mühitində çox rast gəlirik.
Bir vaxtlar jurnalistika biliciləri Mirşahinə “telesöz” deyib qoltuğuna qarpız verdilər. Məktəb yaratdı. O məktəbin yetirməsi L.Ələşrəfqızı yazıb: “Bunu böyük alman şair-dramaturqu İohann Volfqanq Göte deyib. Soyadı yan olan Nikol məncə Göteni hər kəsdən yaxşı tanımalıdır.”
Bakıda jurnalistika fakültəsinə imtahandan qabaq ərizəçilərin sözqoşma bacarığını yoxlayırlar. Adına qabiliyyət imtahanı deyirlər. Bunlar hamısı anormal, ideoloji jurnalistikanın qalıqlarıdır. İstənilən təbliğat tələb eləyən sahəyə söz istehsalçıları lazımdı. İstər kommunist, olsun, istər nasist, istər təriqətçi – fərq eləmir. Vüsal Əfəndiyev kimi dilin qatlanmaya da bilər, Mirşahin kimi sözün başına ip salıb oynada bilərsən, ancaq dəxli yoxdur, eyni qrupdasan.
Deyəsən, ikinci növ jurnalistikanın adını tapırıq: sözburaxan jurnalistika.