Almaniya parlamenti həmcinslərin evliliyinə yol açan qanunu qəbul elədi. Kansler Angela Merkel məsələnin səsverməyə çxarılmasına yardım eləsə də, əleyhinə səs verdi. Onun sözlərinə görə, evlilik kişi ilə qadın arasında olmalıdır.
Bu xəbəri niyə təkrar paylaşıram? Çünki mediamıza bələdəm, cəmiyyətimizə bələdəm. Media məlumatı təhrif eləyib çatdırır, “təhlilçilərimiz” ideoloji məqsədləri üçün təhrif olunmuş məlumatdan faydalanmağa çalışır. Siyasi fəallarımız öz məqsədləri üçün bu mövzuda manipulyasiyalar edirlər.
Bu gün bu mövzu Azərbaycanda, əsasən iki qrupun əlində alətə çevrilib. İslahat əleyhdarı olan, avtoritarizm nümayəndələri və konservativ dini dairələr. Onlar antoqonist görünsələr də, bu cür manipulyasiyada müttəfiqdirlər. Kütləyə Qərbi xoxan kimi qələmə verib manipulyasiya eləmək üçün həmcinslərin evlənməsi mövzusu işə yarayır. Az qala bu, liberal dəyərlərinin əsasları kimi qələmə verilir. Belə bir fikir yeridilir ki, liberal dəyərlər homoseksuallığın təbliğdir, onlara üstünlük verilməsidir. Həmin görsənişi Roma Papasından daha katolik olmağa çalışan “liberalların” bəziləri də gücləndirir. Məsəl üçün, bir sayt işə götürülərkən homoseksuallara üstünlük veriləcəyini bildirmişdi.
Bu halın bir analoqunu yada salım. Sosializm təzə qurulanda mülkiyyəti əlindən çıxanlar avam adamları qızışdırırdılar ki, kommunizmdə arvadlar ümumi olacaq. Paralel bir az qüsurludur, çünki liberal dəyərlər cəmiyyətdə özünə yer tutacağı halda homoseksualların daha çox hüququ olacağını deyən liberala artıq rast gəlmişik. Kommunismdə arvadların ümumi olacağını deyən kommunistə isə rast gəlməmişdik.
Liberal dəyərlər fərdin seçim azadlığı ilə bağlıdır. Bu, tanınmalıdır. Tanınır. Kim cinsi münasibətlərini necə istəyir qurur, qurmalıdır – bunu kommunistdən, molladan, icra hakimiyyətindən, qonşudan, məhlədən soruşmalı deyil.
Qərbdə də, Şərqdə də homoseksualları daşqalaq eləmək halları olub, Şərqdə bu barbarlıq qalır. Liberal dəyərlərin 300 ilə yaxındır ki möhkəmlənməkdə olduğu Qərbdə homoseksualların seçim azadlığı tanınıb. Onları qanun cinsi orientasiyaya görə ayrı-seçkilikdən, təqibdən, daş-qalaqdan qoruyur, ancaq onlara üstünlük tanımır. İndi onların nigahı Qərbdə mübahisə mövzusudur. Xalqın seçdiyi parlament də normal olaraq cəmiyyət qarşısına çıxan məsələləri müzakirə edir. Hansısa ölkədə onların nigahına icazə verilir, bu, onların yetimxanadan övladlığa uşaq götürmələrinə yol açır. Hansısa ölkədə verilmir. Yəni fazilmustafaların dediyi kimi, Qərbdə kişini kişi ilə evlənməyə məcbur eləmirlər.
Bu cür evliliyə məsələn, Belçika, Argentina, Uruqvay, Braziliya, Güney Afrika parlamentlərindən keçən qanunlar icazə verib. Tutalım, İtaliya, Avstriya, Latviya, Litva, Slovakiya icazə verməyib. Sonuncular da liberalizmin hökm sürdüyü ölkədir.
Bir sözlə, Qərb dəyərləri insanın azad seçiminin tanınmasıdır. Bu dəyərlərə əsaslanan liberal ölkələr qarşıya çıxan problemləri seçilmiş nümayəndələrinin əli ilə müzakirə edirlər, bir qərara gəlirlər. Bu qərar nəticəsində eyni cinslərin evlənməsinə icazə verilə də bilər, verilməyə də. Ancaq onlar şəxsi seçimlərinə görə heç cür sıxışdırla, cəzalandırıla bilməzlər.
Qərbin ən məşhur liberal siyasətçiləriindən Angela Merkel uzun müddət eynicinslilərin evlliliyinə qarşı olub. Bununla belə, koalisiya tərəfdaşları ilə məsləhətləşib, bu evliliyə icazə verilməsi barədə səsvermələrə yol açıb. Özü əliyhinə səs verib. Onu da deyib ki, 8 uşağı yetimxanadan götürüb saxlayan lezbiyan cütlüklə tanışlıqdan sonra bu məsələdə birmənalı danışa bilmir.
Qısası, homoseksualları ayrı-seçkilikdən qorumaq liberal dəyərlərə daxildir. Eyni cinslərin evliliyinə icazə verib-verməmək daxil deyil.
Bizim üçün çıxan nəticələr. Birincisi, mediamız bu mövzuları düzgün işıqlandırmalıdır. İkincisi, dindarlar və avtoritarizm tərəfdarları toplumu xoxanla qorxutmaq kimi primitiv metodlara son qoymalıdırlar. Üçüncüsü, liberallar Roma papasından böyük katolik kimi görsənmək azarına tutulmamalıdırlar. Dördüncüsü, həmcinslərin evliliyinə qarşı çıxan hər kəs gərək yetimxanadan 2 uşaq götürüb saxlasın, götürmürsə danışmasın.(Onsuz da homoseksuallar açıq, ya gizli bir yerdə yaşayırlar. Nigah mülkiyyət və övladlığa götürmə məsələlərinə təsir edir. Bu icazə hoomoseksuallıq fenomenini nə çoxaldır, nə azaldır.)