Daha bir dəbdəbəli tamaşanın açılışı ölkənin bank səvətlərinin 41 faizinə nəzarət eləyən bankın iflası ilə eyni vaxta düşdü. Vəziyyətin absurdluğu neçə illər qabaq da bəlli idi. Dünya iqtisaidyyatının necə çalışdığını bilənlər yolun hara aparıb çıxaracağını dəqiqliyi ilə demişdilər. Artıq bunu görməməzliyə vurmağa yer qalmayıb.
Son vaxtlar lağlağının, satiranın dozası artıb. Ancaq parodistlər, komediyaçılar nə düşünsünlər ki, bundan daha absurd bir tamaşa ortaya çıxarsınlar? Vəziyyəti bu qədər açıb göstərsinlər? Kim deyirsə ki, satira pis şeydir, lağlağı pis şeydir – düz demir. Kim lağlağıdan o yana getmirsə – düz eləmir.
Lağlağı pis şey deyil, miflərin dağıdılmasında, tabuların sındırılmasında, mifik və ya gerçək birilərinin sakrallaşdırılmasına son qoyulmasında lağlağının rolu əvəzsiz olub. Necə ki, Azərbaycanın çağdaş inkişafı başlanğıcını ilk komediyaların yaranmasından götürür.
Lağlağıya, satiraya o vaxt yer olur ki, vəziyyətin absurdluğu hələ gizli olsun, adamlara bunu anlatmaq lazım olsun. Ancaq indi lağlağıdan o yana keçmək vaxtıdır – yəni diaqnoz qoyub müalicə eləmək. Məsələ burasındadır ki, diaqnozun özü də bir az lağlağı səslənir: ideoloji nekrofiliya.
Nədir ideoloji nekrofiliya? Çoxdan ölmüş, əvvəlki təcrübələrdə fəlakətli nəticələr vermiş ideologiyalara olan sevgi. Məsəl üçün, təbliğata əsaslanan idarəçilik. Bu çoxdan sınaqdan fəlakətli çıxıb, ancaq yeni-yeni hakimiyyətlər bu eşqə mübtəla olur. yaxud, kommunizmin absurdluğu, təcrübədə fəlakətli nəticələr verməsi çoxdan sübut olunub, ideologiya çoxdan ölüb. Ancaq bu ölmüş ideologiyaya sevgi ordan-burdan pırtlayıb çıxır. Nə qədər marksist, maoçu, stalinist vaxtaşırı bu ölmüş ideologiyaya eşqini cilovlaya bilmir, bu yolda son damla qanına qədər vuruşmağa gedir. Yaxud xilafətçilik ideologiyasının axırı Osmanlı biabırçılığı ilə sona yetdi. Bu konsepsiya əsasında qurulmuş dövlət elmi irəlilədə bilmədi, inkişafa aparmadı və batdı. Ancaq yüz il sonra Özbəkistanda, Çeçenistanda, Suriyada, İraqda bu ölmüş ideologiyanın eşqinə düşən nə qədər adam özünü ona qurban verdi. Elə indinin özündə AKP xalqı bu ölmüş ideologiyanın qurbanı olmağa hazırlayır. Ən yeni misal: proteksionizm, təcridçilik, divarlar hörmək ölmüş ideologiyadır. Zəmanəmizin ən böyük ideoloji nekrofili Tramp bu ideyaların eşqi ilə yaşayır.
Afrikada, Güney Amerikada, Yaxın Şərqdə renta hesabına müasirləşmək, inkişaf eləmək ideologiyası neçə dəfə fəlakətli nəticəyə səbəb olub. Yəni bu ideya ölüb. Ancaq yenə də onun eşqi neçə başlara vurub. Bu cür ideoloji nekrofiliyaya ən parlaq misal Hüqo Çavesin Venessuelanı necə idarə eləməsiydi.
İslam dövləti qurmaq da ideoloji nekrofiliyanın bir növüdür.
İdeoloji nekrofiliyanın hər növünün əlamətlərinə cəmiyyətimizdə rast gəlmək olur. Gənclər arasında kommunizmə meylə də, siyasi islam yolunda canını fəda eləyənə də. İstər siyasi aktivistlər, istər intellektuallar arasında belələrinə tez-tez rast gəlirik. Onların iki xüsusiyyəti gözümə dəyir: birincisi, dünya iqtisadiyyatının necə çalışdığını bilmirlər, ikincisi, rasional düşüncədən uzaqdırlar, təbiət elmlərindən xəbərsizdirlər.
Yəni əgər bir intellektual simalı, beş-üç babat hekayəli, liberalizmdən-filandan iki-üç məqaləli bir intellektual görsəniz, çox da bayılmayın: o azıb gedib marksizmə də çıxa bilər.
Başqa bir tip də sizi aldada bilər: tarix boyu yaşamış istənilən məşhur ədibi, maraqlı fikir adamlarını beş barmağı kimi bilənlər. Onlar bunu fəlsəfədən üstün sayarlar, təbiət elmlərinin gəldiyi nəticələrdən daha uzaq bir şeylər görə bildiklərini zənn edirlər. Onlara da bayılmaq təhlükəlidir: kim bilir, neçə əsr qabaq ölmüş bir ideologiyanın eşqiylə sizi alışdıra bilərlər.
Bir sözlə, dəqiq elmləri və iqtisadiyyatı bilməyənlərin arxasınca getsəniz, ölülərlə “eşq yaşamağınızı” qarantiya altına alınmış bilin.