ANS-in şəhidləri, Meydan TV və Azadlıq radiosunun əzabkeşləri
Keçmiş prezident Heydər Əliyevin abidəsinə sarkastik qraffiti çəkməkdə şübhəli sayılan iki gəncə polisin amansız, insanlığa zidd işgəncələr verməsi haqda dəlillər çoxalır. Həqiqət olmasına az şübhə yeri qalan bu iddiaya hələ ki, hüquq-mühafizə orqanlarının rəhbərləri, prezident aparatı, hakim partiya rəhbərliyi səviyyəsində cavab verilməyib.
Bəlkə soruşan olmayıb? Necə soruşurlar? Kim soruşur? Kim soruşmalıdır? Yenə gəldik çıxdıq xəbər mediası problemlərinin üstünə. Hadisələri media işıqlandırmalı, ziddiyyətli məlumatlara müstəqil mənbələrdən aydınlıq gətirməli, ittiham edəni, olunanı dindirməlidir. İşdə siaysi çalar varsa hakimiyyətin, müxalifətin mövqeyini öyrənməlidir.
İndi gəlin görək bu son hadisəylə bağlı hakimiyyətə niyə sual verilmir, yəni niyə pişiyin boğazından zınqırov asan yoxdur? Bəlkə vəziyyət o qədər ağırdır ki, hər kəs bir siçan deyişiyini satın alıb oturub orda?
Hakimiyyət, demək olar ki, bütün ana axın mediasını normal fəaliyyətdən uzaqlaşdırıb: ya propaqanda alətinə çevirib, (ola bilsin, özləri həvəslə çevriliblər), ya iqtisadi vasitələrlə əl-qolunu bağlayıb (ola bilsin, özləri iqtisadi imkan qarşılığında ürəklərini, əllərini təslim eləyiblər). Hər halda ölkədəki TV-lər, iri saytlar, qəzetlər sıradan çıxıblar, birbaşa məlumatlandırmaq funksiyalarını yerinə yetirmirlər.
Bu ümumi sürüdən ayrılıb peşəkar çalışdığını iddia eləyənlər də var. Onlar açıq-aşkar iki qrupa bölünüblər: özlərini vətənpərvər-dövlətçi kimi qələmə verənlər və avtoritar hakimiyyətlə mübarizə aparanlar. Yəni tamam əks cəbhə kimi görsənir. Məsəl üçün, ANS və Meydan.TV, ANS və Azadlıq radiosu.
Mən çox vaxt onları bir-birinin tayı adlandırıram və bu, dostlarımın çoxuna qəribə gəlir. Mətbəxə yetərincə bələd olmağım bir yana, elə efirdən, yazılardan da yaxşıca izləyib onları birləşdirən ümumi cəhəti görmək olar. Görmək olar yox e, bu cəhət gözə girir: qəhrəmanlıq. Hər iki tərəf qəhrəmandır. ANS də, o birilər də. Bu qəhrəmanlığı yaşatmaq üçün məlzəmə lazımdı. ANS-in məlzəməsi konfliktdə ölənlərdir, onların dili ilə desək, şəhidlərdir. Şəhid bol olarsa, ANS-in redaktoru daha çox hərbi forma geyib daha militarist çıxışlar edəcək, düşmənə qarşı daha amansız görsənəcək. Yəni bu TV rəhbərləri daha çox qəhrəman görsənəcəklər.
O birilərin məlzəməsi isə əzabkeşlərdir. Repressiya maşını nə qədər çox adamı əzsə, bir o qədər çox qəhrəman olacaqlar. Nə qədər çox tutulan, polisdə işgəncə verilən, şərlənən olsa, bir o qədər gərəkli olacaqlar. Hadisələrin işıqlandırılması ilə yaradılmasını qarışıq salmağa qarşı çıxan sıravi müxbirlərə bildiriblər ki, xoşun gəlmir çıx get, redaksiya siyasətinə qarışma. On ildən çox bura bağlı olan müxbir hara getsin? AzTV-yəmi? Yəni bu qapalı söhbətlərin ucundan-qulağından sizə deyirəm. Bu mühit də bir növ qapalı cəmiyyətdir. (ANS-də də jurnalistə deyirlər ki, sən xəbər siyasətinə qarışma.)
Qapalılıqdan söz düşmüşkən, söhbəti bir az da uzadım. Azadlıq radiosu, Meydan TV hansısa partiyanın orqanı, hansısa bir iş adamının layihəsi olsaydı, heç adını çəkməzdim. Bu proyektləri Azərbaycanda açıq cəmiyyət qurmaq istəyənlər maliyyələşdirirlər. Qərbin Azərbaycandakı açıq cəmiyyət proyektlərinin çoxu Azadlıq radiosunun qəhrəmanlığının zibilinə düşüb yarımçıq qaldı. Bu haqda danışmağın da yolları bağlıdır. Çünki, Azərbaycan hakimiyyəti nə qədər repressivləşsə, ölkə mətbuatından düzgün məlumat, hərtərəfli rəylər almaq imkanımız bir o qədər çətinləşir, xaricdən maliyyələşən mediadan asılılığımız bir o qədər artır. “Açıq cəmiyyət” proyektləri olan həmin media orqanlarının redaktə siyasətini müzakirə eləyə bilmirik. Ora potensial iş yeri kimi baxan jurnalistlər obyektiv dəyərləndirməkdən yayınırlar. Yəni açıqfikirli adamlar iki qapalı cəmiyyət arasında, iki dərəbəylik arasında qalır.
Ümumiyyətlə, həm qapalılıq, həm qəhrəmanlıq arxaik anlayışdır. İndinin anlayışları sivil toplumdur, açıq cəmiyyətdir, demokratiyadır. İstər hakimiyyətin, istər ona qarşı olan qüvvələrin basqısına baxmayaraq reportyor tərəfsiz, qərəzsiz məlumat verirsə, bu, qəhrəmanlıqdan min qat üstündür.
Təsəvvür edin, onillər boyu reportyorluq instiutu siyasi oyunlara çəkilməsəydi, hadisələrlə bağlı suallar verməyi öyrənsəydi, siyasətçiləri, məmurları buna öyrəşdirsəydi, indi açıq cəmiyyətə doğru nə qədər irəliləmişdik.
Bəli, avtoritar hakimiyyətdir. Reportyorun işi çox çətindir. Ancaq redaktor reportyora qəhrəmanlıq eləməyi yox, məmurdan, dövlət adamından, hakim partiyadan, alimdən, cahildən, yolkəsəndən, quldurdan məlumat, fikir, rəy almağı tapşırmalıdır.