Federal Təhqiqat Bürosu (FBI) ilə Apple savaşır. Büro terrora qarşı mübarizədə, “dövlətçiliyin möhkəmləndirilməsində” şirkətdən yardım istəyir, o da rusun sözü olmasın, послать eləyir. Rus demişkən, söhbətin nədən getdiyini Avrasiya qitəsinin biz tərəfələrinə anlatmaq çox çətindir. Çalışacam sadə bir yolunu tapım.
Məsələnin məğzi.
Federal Təhqiqat Büronsunun müstəntiqləri San Bernardino terrorunu törədənlərin iPhonunun parolunu 10 cəhdə tapa bilməsələr, telefonun təhlükəsizlik mexanizmi işə düşəcək və avtomatik özünü sıradan çıxarıb hər şeyi pozacaq. Beləliklə, Birləşmiş Ştatların hüquq-mühafizə orqanları üçün qiymətli istintaq dəlilləri batacaq. Federal Təhqiqat Bürosu istehsalçıdan – Apple şirkətindən kömək istədi. Rədd cavabı alandan sonra məhkəməyə verdi. Məhkəmə Apple şirkətinin iOS əməliyyat proqramı üçün ayrıca versiya yazması haqda qərar çıxarıb. Bu versiyanı San Bernardino terrorunu törətdiyi görsənən Syed Farukun telefonuna yükləmək və ordakı məlumatların itməsi risqini aradan qaldırmaq tələb olunur. (Kaliforniyadakı həmin terror vaxtı 14 nəfər öldürülmüş, 22 nəfər yaralanmışdı). Apple şirkətinin indiki baş icraçısı Tim Kuk məhkəmənin qərarı ilə sonacan savaşacağını bildirir. İstehlakçının özəl informasiyasını qorumağın şirkət üçün prioritet olduğunu deyir.
Hətta bu istehlakçı terrorçu olsa belə və ABŞ-da terror törətsə belə, niyə Amerika şirkəti öz doğma, milli, gözəl, qüdrətli “dövlətçiliyini” yox onu qoruyur?
Məsələ rusca olunca burda xeyli anlaşılmazlıqlar yaranır. Rusiya və bizim kimi onun çevrəsində fırlananlar, onun məlumat axınında olanlar belə məsələlərə tərsinə baxırlar. Bir tanışım Ruisyada çox gözəl təhsil alıb, dəqiq elmlər sahəsində xeyli uğurları olub, dünyagörüşü genişdir. Heç vaxt sosial şəbəkələrə qoşulmur. Səbəbini belə izah eləyir ki, bunlar hamısı Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) oyunlarıdır. Elə bir sistem düzəldiblər ki, adamlar öz dili ilə içlərini açıb tökürlər. Daha casus-masus tutmağa ehtiyac qalmır. Çoxlu arqumentləri də var. Bu arqumentlərin rus dünyagörüşündən gəldiyini düşünürəm.
Niyə?
Baxın, Apple öz biznesini ayaqda saxlamaq üçün kimliyindən asılı olmayaraq bütün istifadəçilərin özəl informasiyasını qorumağa məcburdur. Niyə? Çünki ABŞ-ın hüquq-mühafizə orqanlarına güzəştə gedərsə, sabah alıcılar qarşısında etibarını itirəcək. Əgər sabah Çin bu presedentə əsaslanaraq Apple şirkətindən bənzər şeylər istəsə necə? Bu təkcə Apple şirkətinə aid deyil. Bütün texnologiya şirkətləri hökumətlə savaşdadırlar. (Demirəm ki, bu savaşdan həmişə üzüağ çıxırlar. Bu barədə iki 2-3 il qabaq yazmışdım) İndi Apple bir növ bütün şirkətlər üçün ümid yerinə çevrilib. Yəni onun udmasını texnologiya şirkətləri səbirsizliklə gözləyirlər.
İndi yazıq FBI-nin ümidi ona qalıb ki, bəlkə ölmüş terrorçunun barmaq izindən istifadə eləyib telefonu aça bilə. Ancaq məsələn, Rusiyanın ən məşhur texnologiya şirkətlərindən olan Kaspersky Lab-ın təsisçisi Kasperskinin ümidi həmişə hökumətin barmağınadır. Kasperskinin KQB-nin kriptoqrafiya məktəbində oxuması və Rusiya kəşfiyyatında işləməsi barədə məlumatlara qarşı hələ ki, bir təkzib ortaya qoyulmayıb. Bloomberg keçən il Kasperski Lab-ın hüquq şöbəsinə başçılıq eləyən İqor Çekunovun Rusiya hökuməti ilə, xüsusən, ФСБ ilə əlaqəçi olduğunu iddia eləmişdi. Şirkət rəhbərlərinin kəşfiyyatçılarla vaxtaşırı saunada toplanmasını isə Kasperski sadəcə sosiallaşma adıandrmışdı.
Birləşmiş Ştatlarda biznes ki hökumətin diqtəsi ilə oturub-durdu – batacaq. Rusiyada bunun əksinədir. ФСБ-nin, Putinin, nə bilim Kadırovun dediyini eləmədin – batdın. İşinin xətrinə hökumətlə sosiallaşmalısan da, hamamlaşmalısan da. Ancaq Amerikada işinin xətrinə hökumətlə savaşmalısan.
(Saytlar istəsələr yazını olduğu kimi təkrar yayımlaya bilərlər. Redaktə eləmək eşqinə düşən redaktor mütləq müəllifdən icazə almalıdır. Hər iki halda hiperlinksiz yayımlamaq olmaz.)