Mətbuatımızı oxuya bilmirəm, oxuyanda mövzunların içinə girə bilmirəm. Ağlım gedib çıxır tamam başqa yerlərə. Məsəl üçün, mətbuatın vaxtında danışmadığı hadisələrin dalınca utanmadan deyinməsinə utanıram. Gələcəyə baxmaqdan qorxması məni qorxudur. Boş-bekarçılıq vaxtı erməniləri uzaqdan-uzağa daşlaması, aradabir gürcülərə də bir-iki çəkməsi mənim fikrimi uzaqlara aparır.
Qüzey Azərbaycanında modern kültür bu iki xalqla rəqabətdə yaranıb. Əsasən Tiflisdə, Şuşada. Bakı təəssübkeşlərini anlayıram, Bakinets subkulturasını kosmopolit mədəniyyət sayanlarla da işim yox. Burası da var ki, indi elliklə topalaşıb Eldar Mahmudovun dərsini verdiyimiz Bakının payına modern kültür yaranışından yalnız “Əkinçi”nin beşiyi olmaq düşüb. O Əkinçi ki, keçmiş üçün deyinmirdi, gələcək üçün əkirdi.
Hə, çox da öyünüb hamımız özümüzü Zərdabinin sırasına qoşmayaq. O tək idi və indi heç tək də deyil, yoxdur.
Bakıda həyat yoldaşının əlindən tutub küçəyə çıxdığına görə daşa basırdılar.
Qəzeti yaradanda elə bilirsiniz daşabasan uca millətimiz onun köməyə gəldi?
Bakı qubernatoru Staroselskinin arvadı gürcü idi və qafqazlı təəssübkeşliyi edirdi. Zərdabi qəzet dərdini bu xanıma deyəndə həm qəzetin adını “Əkinçi” qoymaq kimi işlək bir taktika təklif eləyir, həm qeydiyyatına kömək eləyir, həm qubernatoru inandırır ki, təhlükəli bir şey deyil, özü senzorluq edəcək.
Praktik işlərə gəlincə, litoqrafiya kimi köhnəlmiş bir texnikaya bulaşmamaq lazım idi. Yeni texnikanı isə Bakıda bircə Minasov adlı bir erməni bilirdi. O, təbii ki, pul qarşılığında Zərdabiyə kömək eləyir. (Sonra qəzetin bağlanmasında Manasovun da rolu olur.) Qəzet bağlanandan sonra Zərdabi işsiz qalır. Onun üzünə bütün qapılar bağlanır. Rəsmi işlər rus qubernatorunun əlindəydi. Qalır ictimai işlər. Bakının “elitni” müsəlmanları mümkün bütün ictimai vəzifələrə onun gəlməsinə imkan vermirlər, xarici “mütəxəssislərə” üstünlük verirlər. Təxminən Avropa Oyunlarının təşkilatçılığında olduğu kimi. Nə isə Zərdabi çıxır gedir öz kəndinə.
İndi rəqabət aparmağa erməni yox, gürcü yox. Hamı topalaşıb Bakıya. Üstəlik İrandan, Turandan nə qədər daşabasan mollabaş. Çapda daş dövründən – litoqrafiyadan qurğuşun dövrünə keçmək üçün çiynində özündən ikiqat ağır yükü İstanbuldan Bakıya daşıyan Zərdabi yadıma düşür. Onun gələcəyə yönəlmiş işləri yadıma düşür. Bu yandan da onlayn media dövrünün xurafata meydan verməsi, daşqalaq psixologiyası ilə yaşaması yadıma düşür. Nə isə, mən medianı elə-belə izləyə bilmirəm. Fikrim tez dağılır.
P.S. Yazıda adları çəkilən rus, erməni və gürcüləri də dinləməyə hazırıq 🙂