Prezident administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Twitterdə yazır: “İslam dininin yaranması və o dövrdən keçən bir neçə yüz ili əhatə edən hadisələri öyrəndikdən sonra qərara gəldim ki, Avropa öz Renessansı üçün İslam dininə və bir – neçə yüz il onun sayəsində bütün sahələrdə qazanılan nailiyyətlərə borcludur.”
Biz tələbə olanda da ara söhbətləri (urban legend) vardı. Ancaq indiki kimi çox yayılmamışdı. Əsasən kitab ağzı açmayan uşaqlar söhbətə qarışmaq üçün bu əfsanələri bilikləri kimi qələmə verirdilər. Belə əfsanələrdən ən məşhuru Xətai təxəllüsü ilə bağlı idi. Guya Sultan Səlim Vyananı tutacaqmış, Şah İsmayıla başı qarışıb. O, türkçülüyə vurduğu bu zərəri sonradan anlayaraq Xətai təxəllüsünü götürüb. Vyanada Texnika muzeyinə baxanda həmin əfsanə yadıma düşdü. Bir anlığa fikirləşdim, yaxşı ki, Xətai osmanlıların başını qatıbmış. Yoxsa çap maşınını 200 il ölkəyə buraxmayan, rəsədxananı dağıdan Osmanlı Vyananı tutsaydı, zərrə-zərrə toplanan elmi-texniki kəşflər də olmayacaqdı. Sadəcə İslamabad kimi, Kabil kimi, İstanbul kimi əzan səsləri yüksələn şəhərlərdən biri artıq olacaqdı vəssalam. Ara söhbətlərini elmi araşdırma kimi qələmə verən elmlər doktorlarına fikir verməyin, Motsarta qulaq asın. Türklər Vyananı tutsaydılar, “Türk marşı” da olmayacaqdı.