Facebook-dakı “Unofficial: Qeyri-rəsmi: Ramiz Mehdiyev” səhifəsinin orijinal olub-olmadığını dəqiq bilmirəm, ancaq yəqin bu, sitat gətirməyə mane olmaz:
“İki şey dəyərsiz insanın xüsusiyyətidir:
Şikayət etmək
Dedi-qodu etmək”
Demək məhkəmələrə şikayət eləmək dəyərsiz vətəndaşların işidir? Onda dövlət məhkəmələri neyləyir? Məhkəmə başqa şey üçündür? Nə üçün?
Müxalifət arasında belə bir fikir geniş yayılıb ki, Azərbaycanda məhkəmələr siyasi alətdir. Mən çox da inanmıram. Alət iş görmək üçündür. Nə iş görürlər bu alətlə? Xədicənin araşdırmalarına cavab verdilər? Onu təkzib elədilər? Adamları inandırdılar ki, iri holdinqlərin sahibləri sadə zəhmətkeşlərdir? Siyasətin, jurnalistikanın hansısa problemini çözdülər?
Siyasətin problemi çoxdur, jurnalistikanın problemi birdir: siyasiləşmə. Bizim məkanda bu siyasiləşmə Moskvadan əxz olunub. Qərb bir balaca bərəkət verdi ki, xalqımız yeni media modeli görsün.Sivil toplum modeli görsün. Ancaq yerlərin hərəkəti adekvat olmadı. Bizimkilər aşağıdan-yuxarıdan, sağdan-soldan onu da siyasiləşdirdilər. Bu çox şeyə, o sıradan Xədicənin araşdırmalarına da yansıdı. Belə bir gündə söz açmağın yeri deyil, vaxtında danışmışam, qısa xülasənin yeri var. Araşdırmalar çox ciddi mövzuya həsr olunmuşdu və Xədicənin redaktoru janrın xüsusiyyətinə dəqiq əməl eləməliydi. Araşdırmalarda həm ciddi faktlar yer aldı ki, içəridən ötürülməsə aşkarlanması az qala mümkünsüz görünür, həm də faktual errorlarla dolduruldu ki, bu da internet axtarışlarına uymaqdan qaynaqlanırdı. ( Misal üçün, Paşa soyadlı fağır bir bosniyalı prezervativ istehsalçısının Azərbaycanın hakim kalnına aid edilməsi).
Ancaq peşəkar redaktor işi olmadığından, bu araşdırma siyasi alətə çevrildi. Necə? Az sonra.
Məhkəmələrin peşəkarlığı isə daha gülməlidir: vətəndaşı intihara təhrik üstündə tutub vergidən yayınmağa görə iş kəsmək.
Hə gələk alətə. Bir millət ki, alətə uydu, o özünü təkcə məhkəmədə göstərməz. Ötən il bloqumda bir həyəcan siqnalı vermişdim: sivi toplum ilə hakimiyyət araısnda gərginləşmə prosesi gedir, bu prosesə müxtəlif yerlərdən od atırlar. Maşa olmaqdan çəkinin. Kimdi müstəqil düşüncəyə dəyər vrən, kimdi bloqqeri eşidən? Peşəkalıq prinsiplərinə ciddi əməl olunmaması bir növ katalizatora çevrildi. Qərb yox, Rusiya stilində toplum quruculuğuna çalışanların əlinə fürsət keçdi. Hücum çəkib bütün vətəndaş toplumunu məhv elədilər. Neyləyək, bu dəfə də öz yıxıldığımıza ağlayaq.