Netzpolitik.org saytının jurnalistləri Andre Meister və Markus Beckedahla qarşı dövlətə xəyanət ittihamı ilə başlanan istintaq dayandırılıb. Almaniyada son 50 ildə (ADR-i nəzərə almasaq) jurnalistə qarşı belə bir istintaq işi olmamışdı. Bu yazarlar fevral və aprel aylarında məxfi qrifli kəşfiyyat məruzəsi olduğu söylənən sənədi yaymışdılar. Bu sənəddə internet və sosial medianı izləmək üçün yeni kəşfiyyat departamenti yaradılması təklif olunurdu.
Daxili kəşfiyyat agentliyinin təqdimatı əsasında prokurorluq dövlətə xəyanət ittihamı ilə istintaqa başlamışdı.
Yəqin Azərbaycanda xeyli adam ya biclikdən, ya sadəlövhlükdən soruşacaq ki, niyə Avropa Şurasında bu da müzakirə olunmur, niyə beynəlxalq insan haqları təşkilatları bəyanatlar vermirlər. Ola bilsin, müzakirə olunacaq, ola bilsin, bəyanatlar veriləcək, sözüm bunda deyil. Sözüm ondadı ki, buna ehtiyac yoxdur.
Ona görə ki, ölkənin içində müzakirəyə, qərara təsir eləməyə şərait var. Bundestaqın digital məsələlər komitəsinin sədri, Merkelin Xristian Demokratik İttifaqının üzvü Jens Koeppen istintaqa başlanmasını müdafiə elədi, əksinə, Yaşıllar Partiyasından olan millət vəkili, Bundestaqın hüquqi işlər komitəsinin sədri Renate Künast bu istintaqı “qanunların alçaldılması” adlandırdı, Azad Demokratik Partiyadan olan millət vəkili Wolfgang Kubicki prokurora mesaj yolladı ki, jurnalisti fağır tapıbsan, hünərin var ABŞ Milli Təhlükəsizlik Agentliyinə qarşı istintaqa başla.
Ona görə ki, ölkənin aparıcı xəbər mediası bu hadisəni obyektiv işıqlandırdı, prokurorluğun da mövqeyini, jurnalistlərin də mövqeyini olduğu kimi çatdırdı, ittiham olunan jurnalist dövlətin maliyyələşdirdiyi TV-yə (Deutschlandfunk) çıxıb özünü müdafiə eləyə bildi.
Ona görə ki, Almaniya Vəkillər Assosiasiyasının prezidenti Ulrich Schellenberg kəşfiyyatın işindən xəbər tutmağın “toplumun fundamental maraq” dairəsinə aid olduğunu bildirdi, istintaqı dayandırmağa çağırdı və sabah vəkillikdən çıxarılmaq təhlükəsi ilə üzləşmədi.
Almaniyada peşəkar mühit və vətəndaş toplumu jurnalistləri hakimiyyətin caynağından qurtardı.
Dünyanın hər yerində hakimiyyət və jurnalistlər bir-biirnin əksi olan işlərlə məşğuldur. Birincisi ona sərf eləməyən məlumatların yayılmasının qarşısını almaq və ya o məlumatı özünə sərf eləyən formaya salmağa çalışır, ikincisi axtarıb-araşdırıb məsələnin əslinə getməyə çalışır. Bu belədir. Ancaq bu tərəflərdən hansının maraqlaır necə təmin olunur, bu tərəflərdən hansı necə məhdudlaşdırılır – ölkələr arasındakı prinsipial fərq bundadır. Prinsipial fərq jurnalistlərə qarşı cinayət işinin açılıb-açılmamasında, onların tutulub-tutulmamasında deyil.
Almaniyada da, Qüzey Koreyada da jurnalistləri həbs eləyə bilərlər. Ancaq peşəkar mühit, sivil toplum, tarazlı sistem olmayan yerlərdə jurnalistləri nahaqdan cəzalandırmaq mümkündür.