ANS-lə ATV jurnalistləri “kim istedadlıdır” davası eləməkdə olsun, mən də sizə xəbər mediasının təməl sütunu – reportajdan danışım.
Xəbər, qısa və geniş reportajdan başqa harda nə yazıldığını görsəniz, o sıradan mənim bu bloq yazımı, jurnalistlərin FB statuslarını, köşələrini görsəniz, bilin ki, bu, peşəkar xəbər mediasının işinə dəxli olmayan bir şeydir. Belə yazılarla jurnalistlərin peşəkarlığını dəyərləndirə biməzsiniz.
Jurnalist peşəkarlığını yalnız xəbəri düzgün qura bilmək, reportajı düzgün yaza və ya çatdıra bilmək baxımından dəyərləndirmək olar. Bunların da “beynəlxaql standartları” var. Qəliz bir standart deyil, mümkünsüz deyil.
Hacıbala demişkən, inanın, çox sadədir. Gün kimi aydın. Orta məktəbin riyaziyyat məsələləri kimi sadə, dəqiq. Düşünməyin ki, bir bloq yazısında sizə xəbər, reportaj yazmağı, dəyərləndirməyi öyrədəcəm. Niyə?
Bir dəfə çox hörmətli bir xəbər mediası Mirvari Qəhrəmanlının Bakı hava limanında həbs olunduğunu başlığa çıxarmışdı. Xəbəri oxuyurdun, oxuyurdun, oxuyurdun, axıra gələndə aydın olurdu ki, onu hava limanında saxlayıb sonra buraxıblarmış.
FB-da təxminən belə bir status yazdım ki, xəbərdə son gedişat əvvəldə verilməlidir. Nağıllardakı kimi keçmişdən gələcəyə gəlmirsən. Xəbərdə tərsinədir.
Əcəb işə düşdük. İndi həmin nüfuzlu xəbər mediası cırt bir hadisə olan kimi yazır ki, son xəbərlər materialın əvvəlindədir. Çox vaxt reportaj əvəzinə saatbasaat xronika verir.
Yəni dediyim odur ki, beş-üç FB statusundan jurnalistikanı öyrənmək yaponun bir həftəyə rusca öyrənməsinə bənzəyər.
Bir yapon bir həftəyə rusca öyrəndiyini iddia eləyir. Aləmə hay-küy düşür. Mətbuat konfransı, qırğın-qiyamət. Jurnalist sual verir ki, bəs bunu necə bacardınız. Yapon əli ilə öz başına işarə eləyərək xalis rusca deyir. “Для этого жопа нужна”.
Yanğın hadisəsi barədə saytlarda reportaj standartlarına cavab verən yazıları çox nadir hallarda gördüm, ona görə yazdım.
Beş-üç söhbətdən öyrənilən reportyorluq, bir həftəyə açılan saytlar, beş nəfərin gücü ilə çalışan xəbər mediası – bunların ortaya qoyduğu məhsul yaponun ruscası kimi bir şey olacaq.