Bloqumda və FB-da yazdığım qeydləri bəzi qəzetlər və saytlar, o sıradan Yeni Müsavat özümə demədən götürüb çap edirlər. Bəzi saytlar fikirlərimi başqa kontekstə salırlar, öz konspirasiya ssenarilərini təsdiqləyən dəlillər kimi qələmə verməyə çalışırlar. Ona görə, bir neçə tezis yazmalı oldum. – Mən Azadlıq radiosunun bəzi məsələlərdə peşəkar davranmadığını yazmışam. Bu o demək deyil ki, Azərbaycanda onu tənqid eləyən xəbər mediasının radioya qarşı hücumlarını, arqumentlərini, ittihamlarını bölüşürəm. Bu o demək deyil ki, radionun tənqidçiləri süddən çıxmış ağ qaşıqlardır.
– Azadlıq radiosunun Azərbaycan xidmətini həmişə redaktor əvəzinə briqadir idarə eləyib. Həmişə. Ancaq bu o demək deyil ki, radionun əməkdaşları əyri işlərlə məşğuldurlar, hansısa kəşfiyyata işləyirlər, kiməsə qarşı qəsd planının iştirakçılarıdır.
– Mən peşə kodeksinə əməl eləməyin önəmini irəli çəkmişəm. Peşə kodeksi jurnalisti siyasi fəaliyyətdən çəkindirir və bilərəkdən, yaxud bilməyərəkdən hansısa daxili, xarici qüvvənin, kəşfiyyatın alətinə çevrilməkdən sığortalayır. Peşə kodeksinə əməl olunmasına normal idarəçilik, hazırlıqlı, prinsipial jurnalistlər, onların alternativ iş yeri imkanlarının olması, yayım şurası, peşəkar redaktorlar, səviyyəli auditoriya təminat verə bilərlər, briqadirlər yox.
– Azərbaycanda kimlərin bəhanə axtarıb, fürsət tapıb ölkənin kursunu Rusiyaya doğru yönəltmək istədiyi bəllidir. Peşəkar media qurumu da siyasi gündəm güdməməli, belə bəhanələrə imkan verməməli, siyasi marağı olan mənbələrdən gələn kompromatlarla ehtiyatlı davranmalıdır. Araşdırmaları öcəşməyə çevirməməlidir. Oyun oynamamalıdır.
– Azadlıq radiosunun verilişlərini incələməklə Birləşmiş Ştatların ölkəyə qarşı hansısa planlarının olduğunu aşkarlamaq səhv təhlil metodudur. Bu radionu izləməklə Ağ Evin ab-havasını öyrənmək istəyən siyasətçilər həmişə yanıblar. Misal üçün, bu radioda Rəsul Quliyevin bəyanatlarının çox getməsini, kitablarından uzun-uzadı parçalar verilməsini eşidib Vaşinqtonun ona stavka eləməsi fikrinə gələn və prezident seçkilərində Rəsul Quliyevi müttəfiq seçən İsa Qənbər yandı. Rəsul Quliyevin fəallığı dövründə onun mövqeyinin geniş işıqlandırılması, Azadlıq radiosunun Vaşinqtonda ayrıca müxbirinin (Kənan Kazımoğlu) peyda olması Ağ evə dəxli olmayan məsələ idi. Bir peşə xətası idi. Briqadir sistemində sıradan bir hal idi.
– Heydər Əliyev Azadlıq radiosunda Bakı-Ceyhan layihəsinə qarşı gedən fikirləri Ağ evin mövqeyi saysaydı, o kəməri başa gətirə bilməzdi.
– Ağ ev radiodan uzaq durur. Peşə kodeksi isə Azadlıq radiosunun siyasətdən uzaq durmasını şərt qoyur. Təbii, Bakıda, Moskvada kimlərsə bunun əksini sübut eləməyə çalışacaqlar. Ancaq jurnalist belə cəhdlərə məlzəmə olmamalıdır. Ciddi siyasətçi belə nağıllara inanmamalı, radionu dinləyib geosiyasi təhlil yazanları qapısından qovmalıdır.
– Bir daha təkrar eləmək istəyirəm. Radionu Ağ evlə eyniləşdirən siyasətçi yanır. Yanır-yansın, özü bilər. Ən pisi odur ki, ölkə ilə birlikdə yana. Azərbaycanın yanğın kursu götürdüyü bir vaxtda haqq-hesab çəkmək yox, bu yanğını körükləyən istənilən tərəfin oyununa mane olmaq lazımdı. Deyəsən, heç kəslə razılaşmamağımın səbəbini anlada bildim.