Mif nömrə 1. Qərb mətbuatı da propaqanda ilə məşğuldur
20 ilə yaxındır ki, Qərbin ana axın mediasını ardıcıl izləyirəm. Heç vaxt ya açıq, ya örtülü propaqandaya rast gəlməmişəm. Bunun izahı genişdi. Qərbin ana axın mediasındakı obyektivlik, propaqandasızlıq təkcə Qərb jurnalistlərindən və hökumətlərindən asılı məsələ deyil. İnstitusional əsasları var. Qərb mediasının bizə daha tanış sifəti – surroqat mediada (örnək olaraq Azadlıq və ya Svoboda radioları) siz ara-sıra təbliğata və tərəfkeşliyə rast gələ bilərsiniz. Mətbəxə bələd olan birisi deyirəm ki, bu da Qərbdən gəlmir. Daha çox bizdə hazırlıqlı kadrların, azad mediaya alışmış elitanın, auditoriyanın olmamasından qaynaqlanır. Təcrübədən iki örnək deyim. Klinton-Levinski seks qalmaqalı zamanı amerikalı media menecerləri özbəkləri, türkmənləri danlayırdılar ki, niyə bu məlumatı dinləyicilərdən gizlədibsiniz. Bizim Orta Asiyalılar öz başlarından düşünüblər ki. Amerika bizi maliyyələşdirir, yəqin biz onların prezidentləri haqda biabırçı məlumatları efirə verməməliyik. Amerikalı media menecerinin gözüylə baxanda isə bu nə deməkdir? Sabah respublikaçılar Konqresdə məsələ qaldıra bilərlər ki, demokratlar hakimiyyətdə olduğu üçün Azadlıq radiosuna təsir eləyiblər, Klinton haqda məlumat senzuraya uğrayıb.
İkinci bir örnək. Həmin radioda keçmiş Sovet regionundan olan bir balaca menecer varlı, korrupsiyaya bulaşmış bir müxalifət liderini təbliğ eləməyə başladı. Normal bir topluma belə bir yayın yayılsaydı auditoriya özü bu biabırçılığa etiraz eləyərdi. Həmin auditoriya, onun elitası isə nəinki etiraz elədi, əksinə alqışladı, başladı həmin müxalifət liderinə yarınmağa, həmin media menecerini qəhrəmana çevirməyə. Üstəlik bu regionun təhlilçiləri uzaqgörən nəticələr çıxarmağa başladılar. Madəm Amerika mediasında filan müxalifət lideri təbliğ olunur, deməli Amerika onun arxasında durur. Bu sərsəm analizə inananlar təkcə adda-budda analistlər deyildi. Aralarında gerçək siyasi gücü olanlar da vardı və bu aldanış onlara çox baha başa gəldi. Detallara getmirəm. Sözümün canı odur ki, Qərbin ana axın mediası istəsə də propaqanda apara bilməz. Rusiyanın və Azərbaycanın mediasının propaqandadan can qurtarması üçünsə, təkcə jurnalistlərin, media menecerlərinin çalışmaları yetərsiz olar. Azad media institusional məsələdir. Dövlət quruluşu bir yana, auditoriyanın özü də hazırlıqlı iştirakçı olamlıdır.