„Azadlıq radiosu da şeir müsabiqəsi keçirir. Kül başınıza! Gənclərin başqa bir məşğuliyyətini həvəsləndirmək ağlınıza gəlmir?! Ədəbi saytları başa düşdük, ta Azadlıq da?!“ Ağalar Məmmədov. (http://on.fb.me/1tCENLc)
Doğrusu, Azadıq radiosuna qıraqdan bir ciddi qiymət verilməsini bu radionun içində olduğum vaxtlar çox gözləmişdim, ancaq belə bir qiymətə rast gəlməmişdim. Bəlkə də o vaxtlar əsl müşahidəçi yetişməyibmiş. Bu radioda çoxlu dostlarım var. Orda 40-a yaxın ölkədən çox fədakar və peşəkar sıravi jurnalist çalışır. Bu öz yerində. Radionun rəhbər heyətində ara-sıra peşəkar jurnalistlər də olub. Kestutis Girnius, Jeffrey Trimble kimi. Təxminən 15 il qabaq Trimble deyirdi ki, Azadlıq orta əsrlər radiosudur, qəribədir ki, Azərbaycanda yaman məşhurdur. Tərif bu qədər. Bu radioda gördüyüm biabırçı idarəçilik və planlaşdırmanı isə Kommunist qəzetində yox, AzTV-də yox, heç kolxozlarda da görməmişdim. Ola bilsin, həmin idarəçilik haqda ən maraqlı kitabı mən yaza bilərdim. Yazmamağımın çox səbəbi var. Biri oxucunun olmaması idi. Azadlıq radiosunu tərifləyənlərin də, tənqid eləyənlərin də çoxu çağdaş dünyagörüşdən, xəbər mediasını anlamaqdan, dəyərləndirməkdən uzaq adamlar idi. Onların heç birinə qoşulmaq istəmirdim. Radio haqda danışanların hərəsinin bir ambisiyası, bir siyasi azarı, bir şəxsi qurdu vardı.
Ağalar bəyin illərdir davam edən bu məsələni açmasından da, o diskusisyaya qoşulanların çoxluğundan da görünür ki, artıq yeni xəbər mediasını yaratmaq üçün rüşeymlər var. Artıq amerikalıların bizim üşün açdığı Danabaş kəndinin məktəbinə ehtiyacımız yoxdur. Xəbər mediası bu günü göstərməli və sabahın perspektivlərinə işıq salmalıdır. Bu günün və sabahın adamları ilə danışmalıdır. “Tanınmışlar” tipli verilişlər yayınlayıb olub-keçən nostaljini ortaya tökmək xəbər mediasının işi deyil. Sən tanıtmalısan ey, tanınmış leşi meydana sürüməməlisən. “Can Bakı” deyib tarixdən danışmaq heç deyil. Ay Rəsul Quliyev Azərbaycana uçur, ay budu, təyyarədən (!) müsahibə götürmüşük – bu tipli hay-küylə, xəbər missiyasını yerinə yetirə bilməzsən. Sabaha işıq sala bilməzsən. Uzaqbaşı, bu günü, sabahı bulandıra bilərsən. Çünki intellektual saydığın müəlliflərin dünəndə batıb qalıb, istedadlı deyib meydan verdiyin çevrə metafizika ilə əlləşir, xəbər redaktoru dediyin kəmsavad (bəli, Azadlıqda ali təhsili olmayan redaktorlar var) siyasi intriqaların, kölgəli münasibətlərin çevrəsində vurnuxur. Jurnalistikanın üstündə durmalı olduğu rasional zəmini redaksiya yaratmalıdır.
Çağdaş jurnalistika başlanğıcını aydınlatma hərəkatından götürür. Xəbər mediası dinin, monarxiyanın qulluğundan yüzillər qabaq azad olmağa başlayıb. “Islam və demokratiya” adlı veriliş açmaq plüralizmə də, multikulturalizmə də, tolerantlığa da bir karikaturadır. Totalitar düşüncənin içində demokratiya axtarışı ya aldatmaqdı, ya axmaqlıqdı. “Hər bir müsəlman üçün qəti şəkildə “haram” sayılan zina nədir?” tipli suallarla viktorina keçirmək isə bilmirəm xəbər mediası üçün nədir.
Bir kilometr hündürlüyündə bina tikməyin perspektivsizliyini biz Əl-Cəzirəni yaradan ərəblərdən daha tez görməli idik. Ancaq gec də olsa “orta əsrlər radiosu” haqda diskussiya aça biliriksə, ANS-i heç müzakirəyə buraxmırıqsa, CNN-i də, Əl-Cəzirəni də əlçatmaz bir şey saymayaq.
(Yazını olduğu kimi istənilən sayt verə bilər, ancaq ixtisarla verməyi qadağan edirəm.)