Efirdə ingiliscə xəbərlər proqramıdı
Amma onun içində xəbər yoxdu. Çünki söhbət AzTV-dən gedir. Rəsmi mərasimlərdən görüntüləri bir yerə yığıb təbliğat yapmaq cəhdləri var. Və şübhə eləmirəm ki, onu hazırlamaq sifarişi verən məmurlar ingiliscə su kimi içən əla kadrları tapıntı sayıblar, bu yayımın “dövlətçiliyə xidmət” elədiyini deyərək onu müasir veriliş sayıblar.
Mənim işim məmurlarla deyil
Məmur hər yerdə məmurdu. Bir dəfə qərbin bir media orqanındakı kiçik bir menecer (və ya məmur , briqadir – kim nə cür xoşlayır elə desin) sevinə-sevinə gəldi ki, hökumət mediasında çalışan bir yaxşı jurnalist tapmışam. Gətiridyi arument də bu idi ki, hardansa tapılan bu muncuq İngiliscəni ana dili kimi bilir. Ingiliscə peşədimi ya?
Məsələnin canı başqadı
Niyə ərəblər dünyanı görəndən sonra ortaya Əl-Cəzirə çıxır, azərbaycanlı balalar xaricdə oxuyub qayıdanda – AzTV-nin ingiliscəsi. Sual “Filankəs ingiliscə bilir, ya yox” olamalı deyil. “Filankəs jurnalistikanı təbliğatdan ayıra bilir, ya yox” olmalıdı. Bu mövzu qərbdə o qədər köhnəlib ki, söz açmağa ərinirəm. Özümü yorub təbliğat söhbətinin modern medianın küllüyündə də tapıla bilməyəcəyini məmurlara anlatmaq fikrim də yoxdu. Biryolluq demişəm ki, daha quyuya su tökməyəcəyəm. (Nəyimə lazımdı qərb dövlətlərində xüsusi qurumların gizli təbliğatın qarşısını aldığını kiməsə başa salmaq (Məsələn, ABŞ Konqresində GAO – Hökumətin Cavabdehiliyi Ofisi). Nəyimə lazımdı siyasi məqsəd güdən verilişlərin xəbər kimi gösrsənməsini yasaq eləyən Qərb qanunlarını eşələmək. Nəyimə laızmdı bu tip verilişlərin yalnız “pullu reklam” adı altında getməsinin qəti bir şərt olduğunu kiməsə anlatmaq…
Qərbdə istisnalar varmı?
Ameirkayla bağlı mediada keçmiş sovet məkanından olan korrupsionerlərin və avtoritetlərin təbliğatına aid misallar çəksəniz sizinlə mübahisə etməyəcəm. Bu, media menecmentindəki yaramazlıqlarla bağlı ola bilər və onun dünya media standartları, Qərbin siyasəti, qanunları və ya planları ilə heç bir əlaqəsi yoxdu. Sadəcə sistemin nöqsanları ucbatından bunun axırına çıxmaq çox qəliz məsələdi. Özü də təkcə sistemin yox, həm də auditoriyanın.
Tutalım, fahişəxanada yaxalanmış Nyu-York meri Spitzeri demokratiya mücahidi kimi göstərən media orqanı tapılsa ilk növbədə o media amerikalı auditoriyanın təpkisi ilə üzləşəcək. Amma İvanov, Məmmədov, Həsənov, Quliyev, Əliyev, Heydərov familiyaları hələ amerikalıya heç nə demir. Kimi istəsən demokratiya mücahidi kimi qələmə vermək üçün bir az biclik, bir az gözəgirənlik, bir az həyasızlıq bəs eləyir. Təbii Amerikanın peşəkar jurnalistlərinin işi-gücü qurtarmayıb ki, gəlib xarici yayımla məşğul olsunlar. Keçmiş sovet məkanındakı auditoriyadan da bir haray olmayacaq. Çünki çox ciddi şeylər bu auditoriyanın vecinə deyil. Neçə illərdi ki, Azərbaycanın müxalifət liderləri də daxil olmaqla xeyli fəalı bu cür şeylərlə Qərb siyasətini yumşaq deyək, baş-ayaq qavramaqdadı.
Fərqli qavrayışlar
Amma Qərbdə bir-iki fırıldaqçının olması hələ bu yarımkürənin mediasından və cəmiyyətindən xəbər vermir. Fırıldaqçı da var – ona qarşı çıxan peşəkarlar və peşəkara dəstək verən auditoriya da. Məsələn, Çexiyada son onilliyin ən güclü etiraz aksiyaları TV-yə siyasətçilərlə bağlılığı olan birisinin rəhbər gətirilməsi üstündə idi. Peşəkarlar auditoriyanın dəstəyi ilə qələbə qazandılar.
Seyr eləməkdən başqa bir vəzifəsinin olmadığını düşünən Azərbaycan tamaşaçısı isə bəlkə xəbər əvəzinə təbliğat eşitməyə alışıb. Uzaqbaşı narazılıq eləyir ki, AZ TV-nin təbliğatı duzsuzdu. Yəni şitdi. (İdarəelyənlərə nə qədər şirin görsənmək istəsən, veriliş bir o qədər şit çıxacaq.) Şitə də hər millət bir cür baxır.
Məsələn, Rusiyada tarix boyu avtoritar və totalitar rejimləri qorumaq üçün təbliğat bir щит sayılıb.
Amma bu şiti ingiliscə Bakıdan dünyaya yayanda vallah gərək dünyaya yazığımız gələ. Xəbərin nə olduğunu bilən ingilisdilli tamaşaçını AzTV təbliğatının Shit iyi çox uzaqdan vuracaq.
20 İyun 2009
Bizdə yeni jurnalistika ixtisası var.Beynəlxalq “Propaqand-jurnalist”. Bu da analoqu olmayan atributlarımızdan biridir da, Rövşən müəllim.